BAKI, TurkicWorld
ABŞ prezidenti Donald Tramp Kaliforniyanın yüksək sürətli qatar layihəsinə ayrılan federal vəsaiti geri çəkib, qubernator isə bu qərara etiraz edib.
TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kaliforniyada 16 ildir davam edən yüksək sürətli dəmir yolu layihəsinin “səmərəsiz və həddindən artıq bahalı” olduğunu əsas gətirərək layihəyə ayrılmış federal vəsaiti geri çəkdiyini açıqlayıb. Tramp sosial media hesabında bildirib ki, bu layihə heç yerə getmir və artıq Amerika vətəndaşlarına yüz milyardlarla dollara başa gəlib. O, Kaliforniya qubernatoru Gavin Newsomun layihəni idarəetməsini “səriştəsiz” adlandırıb.
Kaliforniya qubernatoru isə bu qərarın qanunsuz olduğunu bildirib və layihə üzrə dəmir yolu xətlərinin hazırda tikilməkdə olduğunu vurğulayıb. ABŞ Nəqliyyat Departamenti isə son 16 ildə layihəyə 15 milyard dollar xərcləndiyini, lakin hələ də xəttin tamamlanmadığını bəyan edib.
Qeyd edək ki, Trampın qərarı nəticəsində Federal Dəmir Yolu Administrasiyası layihəyə ayrılan təqribən 4 milyard dollarlıq maliyyəni dayandırıb. Newsom məsələ ilə bağlı hüquqi addımların nəzərdən keçirildiyini açıqlayıb.







