Bakı, TurkicWorld, Aygün İbrahimova
Türkiyədə keçirilən BMT-nin 31-ci İqlim Dəyişikliyi Konfransı (COP31) dünya ölkələrinin iqlim böhranı ilə mübarizədə ortaq mövqeyə gəlmək imkanlarını bir daha sınağa çəkdi. Antalya sammitindən böyük siyasi razılaşma gözlənilsə də, iki həftəlik danışıqların sonunda əsas yekun sənəd qəbul edilmədi. Qalıq yanacaqdan imtina, iqlim maliyyələşdirilməsi və enerji keçidinin şərtləri ətrafında yaranan fikir ayrılıqları beynəlxalq iqlim diplomatiyasının ən ciddi problemlərini üzə çıxardı. Bununla belə, sammitin nəticələrini yalnız uğursuzluq kimi qiymətləndirmək düzgün olmazdı: ayrı-ayrı istiqamətlərdə əldə olunan razılaşmalar və Azərbaycanın Bakı təşəbbüsləri iqlim gündəliyində mühüm yerini qorudu.
Antalyada baş verənlər əslində son illərdə iqlim danışıqlarında tədricən yığılan ziddiyyətlərin açıq qarşıdurmaya çevrilməsi idi. Sammitin əsas məqsədi qlobal istiləşməni 1,5°C həddində saxlamaq üçün daha konkret öhdəliklər müəyyənləşdirmək, Paris Sazişinin icrasını sürətləndirmək və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşması üçün maliyyə mexanizmlərini gücləndirmək idi.
Lakin iştirakçılar bu məqsədlərin necə həyata keçirilməsi barədə razılığa gələ bilmədilər. Türkiyə və Avstraliyanın birgə sədrliyi ilə hazırlanmış, sammitin əsas siyasi nəticəsi kimi nəzərdə tutulan “Antalya Paktı” yekun plenar iclasda qəbul edilmədi. Beləliklə, COP31 2009-cu ildə Kopenhagendə keçirilən COP15-dən sonra əsas yekun siyasi sənədi konsensusla qəbul edə bilməyən ilk iqlim sammiti kimi tarixə düşdü.
Yanacaq məsələsi - sammitin əsas siyasi qarşıdurması
Antalya danışıqlarının taleyini müəyyən edən başlıca məsələ neft, qaz və kömürdən mərhələli imtina ilə bağlı müddəaların yekun sənəddə yer alıb-almaması oldu. Xatırladaq ki, 2023-cü ildə Dubayda keçirilən COP28-də ölkələr ilk dəfə qlobal razılaşma səviyyəsində qalıq yanacaqlardan uzaqlaşmaq istiqamətində fəaliyyətə başlamaq barədə razılığa gəlmişdilər. COP31-in qarşısında duran əsas gözləntilərdən biri həmin siyasi öhdəliyin daha konkret yol xəritəsinə çevrilməsi idi. 130-dan çox ölkənin dəstəklədiyi bu tələb Antalya danışıqlarının ən mübahisəli mövzusuna çevrildi.
Lakin yekun sənədin müxtəlif layihələrində vəziyyət dəyişdi. İlkin variantlarda yanacaqdan imtina məsələsinə yer ayrılsa da, sonrakı mətnlərdə bu müddəalar çıxarıldı. Nəticədə Avropa İttifaqı, Böyük Britaniya, Panama, Norveç, Marşall adaları və bir sıra digər ölkələr sənədə etiraz etdilər.
Avropa İttifaqının mövqeyini İrlandiyanın ətraf mühit naziri Daraş O'Brayen ifadə etdi. O, qalıq yanacaqlara ümumiyyətlə toxunmayan sənədin elmi reallıqlara cavab vermədiyini və mövcud iqlim öhdəlikləri ilə real fəaliyyət arasında uçurumu daha da dərinləşdirə biləcəyini bildirdi.
Digər tərəfdə isə Səudiyyə Ərəbistanı, Rusiya və bəzi enerji istehsalçısı ölkələr qalıq yanacaqların gələcəyinə dair daha sərt ifadələrin sənədə daxil edilməsinə qarşı çıxdılar. Onların arqumentləri əsasən enerji təhlükəsizliyi, iqtisadi sabitlik və keçidin milli imkanlar nəzərə alınmaqla həyata keçirilməsi üzərində qurulurdu.
Bu mübahisənin arxasında təkcə ekoloji yanaşmaların fərqi dayanmırdı. Məsələ həm də qlobal enerji bazarına, ixrac gəlirlərinə, sənaye rəqabətinə və ölkələrin iqtisadi suverenliyinə toxunurdu. Neft və qaz ixracından asılı dövlətlər üçün sürətli keçid ciddi iqtisadi risklər yarada bilər. Enerji idxalçısı və iqlim dəyişikliklərindən daha çox zərər görən ölkələr isə gecikməni gələcək nəsillərin hesabına başa gələn siyasi seçim kimi qiymətləndirirlər.
Beləliklə, iqlim diplomatiyasının ən çətin sualı yenidən gündəmə gəldi: dünya iqtisadiyyatı qalıq yanacaqlardan nə qədər sürətlə uzaqlaşa bilər və bu prosesin iqtisadi və sosial yükünü kim daşımalıdır?
İqlim maliyyəsi və etimad böhranı
Antalyada razılaşmanı çətinləşdirən digər əsas məsələ iqlim maliyyələşdirilməsi idi. İnkişaf etməkdə olan dövlətlər üçün iqlim dəyişikliyi artıq uzaq gələcəyin problemi deyil. Dəniz səviyyəsinin yüksəlməsi, quraqlıq, daşqınlar, meşə yanğınları və ekstremal istilər bu ölkələrin iqtisadiyyatına, kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə və əhalinin sağlamlığına birbaşa təsir göstərir. Bununla belə, həmin ölkələrin bir çoxu uyğunlaşma tədbirlərini maliyyələşdirmək üçün kifayət qədər resursa malik deyil.
Antalya Paktının layihəsində varlı dövlətlərin yoxsul ölkələrə iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün maliyyə dəstəyini artırması nəzərdə tutulurdu. Lakin inkişaf etməkdə olan ölkələr bu müddəaları konkret öhdəliklərdən uzaq, maliyyə həcmi və icra mexanizmləri baxımından qeyri-müəyyən hesab edirdilər. Burada mühüm siyasi ziddiyyət ortaya çıxırdı: inkişaf etmiş ölkələr daha iddialı emissiya azaldılması öhdəliklərini müdafiə etsələr də, inkişaf etməkdə olan dövlətlər onların bu məqsədlərin maliyyələşdirilməsində üzərinə götürməli olduğu məsuliyyəti tam yerinə yetirmədiyini düşünürdülər.
Afrika ölkələrinin mövqeyi də bu baxımdan diqqətəlayiq idi. Onlar iqlim siyasətinin yalnız emissiyaların azaldılmasına yönəlməsini deyil, artıq baş vermiş iqlim zərərlərinin aradan qaldırılması, uyğunlaşma və texnologiyalara çıxış məsələlərinin də eyni dərəcədə nəzərə alınmasını istəyirdilər. Əslində, Antalyada üzə çıxan problem maliyyə çatışmazlığından daha geniş idi. Bu, iqlim məsuliyyətinin bölüşdürülməsi ilə bağlı uzun illərdir davam edən etimad böhranının təzahürü idi.
Karbonun tutulma texnologiyaları: həll yolu, yoxsa keçidi ləngidən vasitə?
Danışıqların digər mübahisəli istiqaməti karbonun tutulması və saxlanılması (CCS) texnologiyaları oldu. Bu texnologiyalar sənaye müəssisələrindən ayrılan karbon qazının atmosferə buraxılmadan tutulmasını və xüsusi geoloji qatlarda saxlanılmasını nəzərdə tutur. Onların tərəfdarları xüsusilə sement, polad və digər yüksək emissiyalı sənaye sahələrində bu üsulun əhəmiyyətini vurğulayırlar.
Lakin tənqidçilər fərqli mövqedədirlər. Onların fikrincə, karbonun tutulmasına həddindən artıq ümid bəslənilməsi neft, qaz və kömür istehsalının davam etdirilməsi üçün əlavə əsas yarada bilər. Başqa sözlə, texnoloji həllər enerji sisteminin köklü dəyişdirilməsini əvəz etməməlidir.
Səudiyyə Ərəbistanı CCS texnologiyalarının yekun sənəddə yer almasını müdafiə edirdi. Bu yanaşma ilə Avropa İttifaqı və bir sıra digər dövlətlərin mövqeyi arasında ciddi fikir ayrılığı yarandı. Beləliklə, Antalya sammitində mübahisə yalnız hansı enerji mənbələrindən istifadə olunacağı ətrafında deyil, gələcək iqtisadiyyatın hansı texnoloji model üzərində qurulacağı məsələsində də cəmləşdi.
Qismən əldə olunan nəticələr
Antalya sammitindən gözlənilən əsas nəticələrdən biri qlobal enerji keçidinin konkret mexanizmlərlə təmin edilməsi idi. Ölkələr arasında qalıq yanacaqlardan uzaqlaşma üzrə yol xəritəsi, iqlim maliyyəsinin artırılması, elektrik enerjisinin iqtisadiyyatda payının genişləndirilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin sürətləndirilməsi ilə bağlı razılaşma əldə olunacağına ümid edilirdi. Lakin bu planların böyük hissəsi yekun siyasi sənəddə öz əksini tapmadı.
Bununla belə, danışıqların tamamilə nəticəsiz qaldığını demək də doğru olmazdı. Təxminən 100 ölkə 2035-ci ilədək elektrik enerjisinin son enerji istehlakında payının 35 faizə çatdırılması məqsədini dəstəklədi. İqlimə uyğunlaşma, emissiyaların azaldılmasında ədalətlilik və digər texniki istiqamətlər üzrə də müəyyən irəliləyişlər əldə edildi. Bəzi danışıqlar istiqamətlərində qərarların qəbul edilməsi mümkün olsa da, sammitin ümumi siyasi nəticəsini əks etdirməli olan əsas sənəd konsensus qazanmadı. Bu isə iqlim diplomatiyasında texniki razılaşmaların siyasi iradə ilə dəstəklənmədiyi zaman nə qədər kövrək olduğunu göstərdi.
BMT-nin Baş katibi Antonio Quterreş də nəticədən narazılığını ifadə etdi. Onun üçün əsas problem yalnız bir sənədin qəbul edilməməsi deyil, iqlim böhranının getdikcə ağırlaşdığı bir vaxtda beynəlxalq əməkdaşlığın lazımi sürətlə irəliləyə bilməməsi idi.
Türkiyə üçün siyasi sınaq
COP31 Türkiyə diplomatiyası üçün də mühüm sınaq idi. Ankara sammitə ev sahibliyi etməklə yanaşı, dünyanın bir-birindən fərqli iqtisadi və siyasi maraqlara malik ölkələri arasında kompromis yaratmaq məsuliyyətini daşıyırdı. Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum yekun mətn üzrə razılığın əldə olunmadığını təsdiqlədi. O, sədrliyin bütün tərəfləri ortaq mövqeyə gətirmək üçün çalışdığını, heç bir ölkəyə sənədi qəbul etdirməyə cəhd göstərmədiyini bildirdi.
Ancaq diplomatik səylər ziddiyyətləri aradan qaldırmağa kifayət etmədi. Təxminən 200 ölkənin iştirak etdiyi belə bir prosesdə qərarların konsensus əsasında qəbul edilməsi hər hansı dövlətə etirazını bildirmək imkanı verir. Nəticədə ən geniş dəstək qazanmalı olan sənəd ən həssas siyasi məsələlərdə tərəflərin etirazı ilə üzləşdi. Bu mənada Antalya Türkiyə üçün təşkilatçılıq baxımından əhəmiyyətli beynəlxalq tədbir olsa da, qlobal konsensus yaratmaq baxımından gözlənilən nəticəni vermədi.
Digər tərəfdən, COP31-in yekununda Azərbaycanın Türkiyəyə təşəkkür etməsi və əldə olunmuş təşəbbüslərin praktik nəticələrə çevrilməsinin vacibliyini vurğulaması Bakının prosesə konstruktiv yanaşmasını göstərirdi. Azərbaycan nümayəndə heyətinin bəyanatında 197 tərəf arasında konsensus əldə etməyin mürəkkəbliyinə xüsusi diqqət çəkildi.
Bakı təşəbbüsünün uğuru
Antalya sammitinin ziddiyyətləri fonunda Azərbaycanın COP29 zamanı irəli sürdüyü təşəbbüslərdən birinin fəaliyyətini davam etdirməsi xüsusi diqqət çəkir. Söhbət Bakı COP Sədrliyi Davamlılıq Koalisiyasından (Baku COP Presidencies Continuity Coalition for Climate and Health) gedir. Bu təşəbbüsün əhəmiyyəti ondadır ki, Azərbaycan COP sədrliyini yalnız birillik beynəlxalq tədbirin təşkilatçılığı kimi deyil, əvvəlki və sonrakı sədr ölkələr arasında uzunmüddətli əməkdaşlıq platformasının formalaşdırılması üçün imkan kimi qiymətləndirdi. Bu təşəbbüsün real nəticələrini COP31-də də görmək mümkün oldu.

Bakı təşəbbüsünün uğurunu qiymətləndirərkən bir məqamı da nəzərə almaq lazımdır: iqlim böhranı yalnız temperaturun yüksəlməsi, buzlaqların əriməsi və karbon emissiyaları ilə məhdudlaşmır. İstilik dalğaları, hava çirklənməsi, su qıtlığı, ərzaq təhlükəsizliyi və yoluxucu xəstəliklərin yayılma riskləri insanların sağlamlığına birbaşa təsir göstərir. Bu baxımdan səhiyyə məsələlərinin iqlim siyasətinə daxil edilməsi qlobal gündəliyin daha geniş və insan mərkəzli yanaşma əsasında qurulmasına xidmət edir. Azərbaycanın mövqeyində enerji keçidinin tədricən, ədalətli və hər bir ölkənin milli maraqları nəzərə alınmaqla həyata keçirilməsi yanaşması ön plandadır. Bu, xüsusilə enerji resursları ixrac edən dövlətlər üçün aktualdır.
Növbəti dayanacaq Efiopiya
COP31-dən sonra diqqətlər 2027-ci ilin noyabrında Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçiriləcək COP32-yə yönələcək. Növbəti sammitin qarşısında asan olmayan vəzifələr dayanır. İlk növbədə, Antalyada razılaşdırılmayan qalıq yanacaqlardan uzaqlaşma məsələsi yenidən müzakirəyə çıxarılmalı, iqlim maliyyəsi üzrə etimad bərpa edilməli və inkişaf etməkdə olan ölkələrin uyğunlaşma ehtiyaclarına daha konkret cavab verilməlidir.
Ancaq COP31-in nəticələri göstərdi ki, məsələ yalnız daha iddialı sənəd hazırlamaqla bitmir. Əsas çətinlik həmin sənədin müxtəlif iqtisadi maraqlara və inkişaf səviyyələrinə malik ölkələr tərəfindən qəbul edilməsini təmin etməkdir.
Antalyada böyük siyasi razılaşma əldə edilmədi. Lakin Bakıdan başlayan bir təşəbbüs göstərdi ki, qlobal əməkdaşlıq üçün hər dəfə yeni sammit gözləmək lazım deyil. Bəzən ən mühüm nəticə bir dəfə qəbul edilmiş qərarın unudulmamasını, tərəfdaşların bir arada qalmasını və başladılmış işin davam etdirilməsini təmin etməkdir.







