Bakı, TurkicWorld, Aygün İbrahimova
Bəzi tarixlər var ki, onlar yalnız təqvimdəki gün kimi deyil, bütöv bir xalqın yaddaşında dönüş nöqtəsi kimi yaşayır. 1988-ci il noyabrın 17-si Azərbaycan üçün məhz belə tarixlərdəndir. Həmin gün Bakının indiki Azadlıq meydanına toplaşan minlərlə insanın tələbləri ilk baxışda siyasi etirazın ifadəsi kimi görünə bilərdi. Əslində isə meydanda daha böyük bir proses gedirdi: xalq öz taleyinə kənardan qərar verilməsinə etiraz edir, milli kimliyini, hüquqlarını və gələcəyini özü müəyyənləşdirmək istəyirdi.
O günlərdə meydanda səslənən şüarların arxasında illərlə yığılıb qalmış narahatlıq, tarixi yaddaş və azadlıq arzusu dayanırdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağ ətrafında gərginliyin getdikcə artması, Ermənistandan azərbaycanlıların deportasiyası və Moskvanın baş verənlərə münasibətdə nümayiş etdirdiyi laqeydlik cəmiyyətdə ciddi narazılıq doğurmuşdu. İnsanlar artıq yalnız ayrı-ayrı hadisələrə etiraz etmirdilər. Onlar öz xalqının taleyinə sahib çıxmaq üçün bir araya gəlmişdilər.
Noyabrın 17-də başlayan mitinqlər dekabrın 5-nə keçən gecəyədək davam etdi. Sovet hakimiyyəti meydanı qoşunların müdaxiləsi ilə boşaltdı. İnsanları meydandan uzaqlaşdırmaq mümkün olsa da, orada yaranan milli birlik hissini və azadlıq istəyini aradan qaldırmaq mümkün olmadı. 1988-ci ilin noyabr günlərini fərqləndirən əsas cəhət də bu idi: milli kimlik artıq yalnız ailədə qorunan ənənə, tarix kitablarında yaşadılan xatirə və ya gündəlik söhbətlərin mövzusu deyildi. O, ictimai iradəyə, siyasi tələbə çevrilirdi.
Milli dirçəlişin ideoloji ünvanı – Azərbaycançılıq
Milli oyanışın qarşısında zamanla daha böyük bir sual dayanırdı: xalqı yalnız etiraz ətrafında deyil, müstəqil dövlət quruculuğu və gələcək nəsillərin taleyi naminə hansı ideya birləşdirə bilər? Bu sualın cavabı Azərbaycançılıq məfkurəsində öz ifadəsini tapdı.
Azərbaycançılıq yalnız milli mənsubiyyətin ifadəsi deyil. Bu anlayışın mahiyyətində ana dilinə, tarixi yaddaşa, mədəni irsə, dövlətçilik ənənələrinə və müstəqil Vətənə bağlılıq dayanır. Onun əsas gücü isə müxtəlif etnik və dini mənsubiyyətə malik insanları ortaq dövlətçilik ideyası ətrafında birləşdirə bilməsindədir. Bu məfkurənin siyasi və ideoloji əsaslarının formalaşmasında Heydər Əliyevin xidmətləri xüsusi yer tutur. O, milli kimliyi dövlətçilik düşüncəsi ilə əlaqələndirir, azərbaycanlı olmağı yalnız keçmişə bağlılıq deyil, müstəqil dövlətin qorunması və inkişafı qarşısında məsuliyyət kimi təqdim edirdi.
Bu baxımdan 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyası xüsusi tarixi məna daşıyır. Həmin sessiyada muxtar respublikanın adından «Sovet Sosialist» sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi və onun Azərbaycanın ali hakimiyyət orqanında dövlət bayrağı kimi təsdiqlənməsi məsələsi qaldırıldı.Sovet İttifaqının hələ mövcud olduğu bir dövrdə atılan bu addım simvolik qərardan daha artıq məna daşıyırdı. Azərbaycan öz dövlətçilik tarixinin Cümhuriyyət mərhələsi ilə yenidən bağ qurur, müstəqilliyə aparan yolda milli iradəsini nümayiş etdirirdi.
Heydər Əliyevin 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi məşhur fikir isə bu məfkurənin mənəvi mahiyyətini yığcam şəkildə ifadə etdi:
“Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Bu sözlər sadəcə milli qürur ifadəsi deyildi. Onların arxasında dilə, tarixə, mədəniyyətə və dövlətə bağlılıq düşüncəsi dayanırdı. Azərbaycançılıq ideyasının fərqli etnik və dini mənsubiyyətə malik insanları birləşdirən məzmunu da məhz burada üzə çıxırdı. Azərbaycanı öz Vətəni hesab edən hər kəs bu ümumi tarixi və gələcək məsuliyyətin iştirakçısıdır. Beləliklə, milli dirçəlişin ideoloji məzmunu yalnız keçmişin xatırlanması ilə məhdudlaşmadı. Söhbət həmin keçmişdən güc alaraq ortaq dövlət və cəmiyyət qurmaqdan gedirdi.
Heydər Əliyev ideyasının müasir dövlətçilik mərhələsi
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycançılıq müasir dövlət quruculuğunun əsas ideoloji istiqamətlərindən biri kimi inkişaf etdirilir. Milli birlik, dövlət suverenliyi, multikultural dəyərlər və tarixi irsə bağlılıq dövlət siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir” fikri bu ideyanın dövlətçilik baxımından əhəmiyyətini ifadə edir.
Azərbaycançılığın fərqləndirici cəhəti onun dar etnik çərçivəyə sığmamasıdır. Ölkənin müxtəlif xalqlarının və dini icmalarının nümayəndələri eyni dövlətin vətəndaşlarıdır. Onları birləşdirən əsas amil ortaq Vətənə bağlılıq, dövlətin inkişafına töhfə vermək və onun gələcəyinə məsuliyyətlə yanaşmaqdır.
Bu mənada 1988-ci ilin noyabrında Azadlıq meydanında yaranan birliklə müasir Azərbaycanın vətəndaş həmrəyliyi arasında tarixi bağlılıq var. Hər iki mərhələnin mərkəzində öz taleyinə sahib çıxmaq düşüncəsi dayanır. Fərq ondadır ki, 1988-ci ildə bu iradə sovet sisteminin məhdudiyyətləri daxilində ifadə olunurdusa, bu gün müstəqil dövlətin siyasi və hüquqi imkanları ilə reallaşdırılır.
Milli dirçəlişin yeni mərhələsi
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi milli azadlıq hərəkatının qarşıya qoyduğu əsas siyasi məqsədi gerçəkləşdirdi. Lakin müstəqilliyin elan edilməsi hələ dövlətçiliyin bütün dayaqlarının möhkəmlənməsi demək deyildi. Qarşıda mürəkkəb siyasi, iqtisadi və təhlükəsizlik problemləri, ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində öz yerini müəyyənləşdirmək kimi vəzifələr dayanırdı.
Sonrakı onilliklərdə dövlət quruculuğu istiqamətində görülən işlər, iqtisadi inkişaf və müdafiə qabiliyyətinin gücləndirilməsi müstəqilliyin möhkəmləndirilməsinə xidmət etdi.
2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri və nəticədə Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası dövlətçilik tarixində yeni mərhələ açdı. Bu hadisələr 1988-ci ildə meydana çıxan milli iradənin sonrakı tarixi proseslərlə necə bağlı olduğunu bir daha göstərdi.
Ancaq milli dirçəlişi yalnız siyasi müstəqillik və ərazi suverenliyi ilə ölçmək doğru olmazdı. Onun davamlılığı üçün daha geniş məsələlər də əhəmiyyət daşıyır. Ana dilinin qorunması, təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin və texnologiyaların inkişafı, milli mədəniyyətin yaşadılması, tarixi irsin gələcək nəsillərə çatdırılması bu prosesin ayrılmaz hissəsidir. Bir xalqın özünüdərki həm də dünyada baş verən dəyişikliklərə münasibətində, yeni biliklərə açıq olmasında, öz mədəni kimliyini qoruyaraq müasir inkişafın iştirakçısına çevrilməsində üzə çıxır. Azərbaycançılıq məfkurəsi də məhz milli köklərlə müasir dövlətçilik hədəflərini bir araya gətirən ideoloji çərçivə kimi əhəmiyyətini qoruyur.
Meydandan başlayan iradə, gələcəyə uzanan məsuliyyət
17 noyabrın tariximizdəki yeri yalnız 1988-ci ilin hadisələrini xatırlamaqla məhdudlaşmır. Bu gün bizə bir xalqın özünü tanımasının, milli hüquqlarını müdafiə etmək əzminin və dövlətçilik iradəsinin hansı tarixi şəraitdə formalaşdığını xatırladır. O gün Azadlıq meydanına toplaşan insanların hər birinin öz səbəbi, öz narahatlığı, öz arzusu vardı. Amma hamısını birləşdirən bir düşüncə mövcud idi: Azərbaycanın taleyi Azərbaycan xalqının öz əlində olmalıdır.
Aradan keçən illər bu istəyin tarixdə necə böyük bir dönüşə səbəb olduğunu göstərdi. Meydanda ifadə olunan milli birlik müstəqillik uğrunda mübarizənin ictimai dayaqlarından birinə çevrildi, dövlət müstəqilliyinin bərpası isə həmin iradəyə yeni məzmun verdi.
Bu gün Milli Dirçəliş Gününü qeyd edərkən söhbət yalnız keçmişin qəhrəmanlıq səhifələrini yada salmaqdan getmir. Əsas məsələ həmin tarixi iradənin mahiyyətini anlamaqdır. Çünki müstəqil dövlətə sahib olmaq qədər onu qorumaq, inkişaf etdirmək, milli-mənəvi dəyərləri yaşatmaq və gələcək nəsillərə daha güclü Azərbaycan ötürmək də məsuliyyət tələb edir.
1988-ci ilin noyabrında Azadlıq meydanında başlayan milli oyanışın ən böyük mənası da budur: xalq öz kimliyini dərk etdikcə dövlətçilik iradəsi güclənir, dövlət gücləndikcə isə milli özünüdərk yeni nəsillər üçün daha möhkəm dayağa çevrilir.
