BAKI, TurkicWorld
İsrail ordusunun İsfahandakı nüvə obyektini hədəfə aldığı bildirilib.
TurkicWorld xəbər verir ki, İsrail və İran arasında 13 iyunda başlayan müharibə 9-cu günündə davam edir.
İran mediası bu gün səhər saatlarında İsrailin İsfahan şəhərində yerləşən Natanz Nüvə Kompleksinə və ətraf bölgələrə hücumlar həyata keçirdiyini bildirib. İsfahan valiliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri hücumlara cavab verib və hər hansı nüvə sızması qeydə alınmayıb.
Digər tərəfdən, Qum şəhərində mülki binaya endirilən hücum nəticəsində biri 16 yaşlı olmaqla iki nəfər həyatını itirib, iki nəfər yaralanıb.
İsrail ordusu İranın qərbində yerləşən raket buraxılış bölgələrini də hədəf alıb. Bu əməliyyatda 15 döyüş təyyarəsi və 30-dan çox sursatdan istifadə edildiyi bildirilib.
Eyni zamanda, İsrailin açıqlamasına görə, İran İnqilabı Keşikçiləri Korpusunun pilotsuz uçuş aparatları bölməsinin komandiri Əminpur Cudəki öldürülüb. Onun İsrailə qarşı təşkil edilən PUA hücumlarına rəhbərlik etdiyi iddia olunur.
Qeyd edək ki, münaqişənin başladığı gündən bəri hər iki tərəf arasında qarşılıqlı zərbələr nəticəsində onlarla insan ölüb, yüzlərlə yaralı var. Gərginliyin artması regional təhlükəsizlik üçün ciddi narahatlıq doğurur və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.







