BAKI, TurkicWorld
İspaniya ABŞ ilə münasibətləri yaxşılaşdırmağa çalışır
TurkicWorld xəbər verir ki, İspaniyanın İqtisadiyyat, Ticarət və Şirkətlər naziri Karlos Kuerpo Vaşinqtona səfər edərək ABŞ administrasiyası ilə son dövrlər gərginləşmiş münasibətləri yumşaltmağa çalışacaq.
Onun ABŞ-ın maliyyə naziri Skott Bessent və digər yüksək vəzifəli rəsmilərlə görüşü gözlənilir.
Kuerpo bildirib ki, İspaniya və ABŞ arasında münasibətləri sabitlik və tərəfdaşlıq prinsipləri əsasında yenidən gücləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə, Tramp administrasiyasının 90 günlük tarif təxirə salması danışıqlar üçün fürsət yaradıb və Avropa İttifaqı bu jesti müsbət qarşılayıb.
İspaniya hökumətinin bu təşəbbüsü Avropa İttifaqı Ticarət Komissarı Maros Şefçoviçin Vaşinqtonda apardığı danışıqlarla üst-üstə düşür və Madrid onun təşəbbüslərini tam dəstəklədiyini açıqlayıb.
Qeyd olunub ki, son vaxtlar ABŞ-İspaniya münasibətlərində yaranmış gərginliyin səbəbləri arasında Baş nazir Pedro Sançesin Çinlə yaxınlaşması, ABŞ-ın İspaniyanın Repsol şirkətinə tətbiq etdiyi lisenziya məhdudiyyəti və Trampın seçkilər ərəfəsində İspaniyaya yönəlik sərt ritorikası da var.
Qeyd edək ki, ABŞ İspaniyanın Avropa İttifaqından kənarda ən böyük xarici investorudur. Bu ölkədə 740 ABŞ şirkəti fəaliyyət göstərir və ümumi xarici investisiyanın 16 faizini təşkil edir.