Bakı,TurkicWorld
Mərakeş millisinin kapitanı və Galatasaray-ın futbolçusu Hakim Ziyech-in İsrail ordusunun İordan çayının qərb sahilində fələstinlilərin cəsədlərinə işgəncə verməsi ilə bağlı paylaşımı sosial mediada böyük səs-küyə səbəb olub.
TurkicWorld xəbər verir ki, Ziyech sosial media hesabında İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində şəhid olan fələstinlinin cəsədini damdan atdıqları anların görüntülərini paylaşıb.
“Lənət olsun İsrailə və bu tip davranışı dəstəkləyən bütün ölkələrə”,- deyə paylaşımda qeyd olunub.
Mərakeşli hüquqçular və jurnalistlər mərakeşli oyunçunun paylaşımını yüksək qiymətləndiriblər.
Ziyech yazısında ölkəsinin hökumətini və İsraili dəstəkləyən dünya hökumətlərini tənqid edib.
Qeyd edək ki, sentyabrın 19-da İsrail əsgərlərinin İordan çayının qərb sahilinə etdiyi hücumlar nəticəsində üç fələstinli şəhid olub. Sosial şəbəkələrdə yayılan videoda ölən fələstinlilərin cəsədlərinin yerləşdiyi binanın damından atıldığı görünür.