Son dəqiqə

Cənubi Koreya Samsung

Samsungun minlərlə əməkdaşı maaş artımı üçün üç günlük tətilə çıxıb

Bakı, TurkicWorld

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung-da çalışan 6500-dən çox işçi ədalətli maaş tələbi ilə dünəndən etibarən üç günlük tətilə çıxıb.

TurkicWorld xəbər verir ki, Həmkarlar ittifaqı işçilərinin tələbləri arasında illik məzuniyyətin bir gün artırılması da var.

Həmkarlar ittifaqı tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə yenidən tətil edəcəklərini bildirib.

Qeyd edək ki, şirkət rəhbərliyi və həmkarlar ittifaqı yanvar ayından danışıqlar aparır. Həmkarlar ittifaqı şirkətin təklif etdiyi 5,1 faizlik maaş artımını rədd edib.

Tətildə iştirak edən Milli Samsung Elektron Birliyinin (NSEU) üzvlərinin sayı təxminən 30 min nəfərdir ki, bu da Samsungun Cənubi Koreyadakı işçilərinin dörddə birinə bərabərdir.

Bununla belə, həmkarlar ittifaqı bu həftəki tətildə əksəriyyəti istehsal sahələrində və məhsul inkişaf şöbələrində çalışan təxminən 6540 işçinin iştirak etdiyini açıqlayıb.

Mütəxəssislər bildirirlər ki, tətilə qatılanların az olması və avtomatlaşdırılmış istehsal sistemi səbəbindən dünyanın ən böyük çip istehsalçısının fəaliyyətində hər hansı ciddi axsama gözlənilmir.

Tətildə iştirak edən işçilər Samsung-un Seulun Hvason səmtindəki baş qərargahına toplaşıblar.

Həmkarlar ittifaqı liderləri şirkətin əməliyyat mənfəətindən kapitalın xərci çıxılmaqla hesablanan bonusların ədalətsiz olduğunu iddia edirlər.

Qeyd edək ki, iyulun 5-də verilən açıqlamaya görə, Samsung şirkəti ilin ikinci yarısında (aprel və iyun ayları arasında) keçən illə müqayisədə 15 dəfə çox mənfəət əldə etdiyi bildirilmişdi.

Mövzuya görə xəbərlər