Bakı. TurkicWorld:
Qırğızıstan Respublikasının Xarici İşlər Naziri Jeenbek Kulubayev Antalya Diplomatiya Forumunda “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)" panel sessisyasında iştirak edib.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, türkdilli dövlətlərin inteqrasiyası məsələlərinə həsr olunan tədbir ilk dəfə bu diplomatik platformada keçirilib. Müzakirələrdə Azərbaycan, Qazaxıstan, Özbəkistan xarici işlər nazirləri, TDT-nin baş katibi, Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
Panel müzakirəsinin iştirakçıları TDT-nin potensialının, inteqrasiya proseslərinin gücləndirilməsi və üzv dövlətlər arasında əməkdaşlığın artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazir Jeenbek Kulubaev çıxışında TDT çərçivəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini bildirib, iqtisadiyyat, investisiyalar, nəqliyyat arteriyalarının inkişafı, hidroenergetika və yaşıl layihələrə sərmayə qoyuluşu kimi potensial qarşılıqlı fəaliyyət sahələrini qeyd edib.
Müzakirə nəticəsində tərəflər yaranan çağırış və təhdidlərə effektiv şəkildə qarşı mübarizə üçün geosiyasi qeyri-sabitlik fonunda inteqrasiya proseslərinin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Qeyd edək ki, Türkiyənin Antalya kurort şəhərində martın 1-dən 3-dək Antalya Diplomatiya Forumu keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən bu tədbirə 100-dən çox ölkədən 4 minə yaxın qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı dəvət olunub.