Bakı,TurkicWorld
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, İordaniya Kralı II Abdullah bin əl-Hüseyn ilə danışıqlar apardı.
TurkicWorld xəbər verir ki, Tokayev iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə İordaniya liderinə təşəkkürünü bildirib.
Onun sözlərinə görə, İordaniya beynəlxalq ictimaiyyət tərəfindən sülh və sabitliyə sarsılmaz sadiqliyi ilə tanınır.
"Mənim səfərimin məqsədi münasibətlərimizə, dostluğumuza və ticarət-iqtisadi əlaqələrimizə əlavə təkan verməkdir. Əminəm ki, yaxın gələcəkdə konkret razılaşmalara nail olub yaxşı nəticələr əldə edəcəyik. Biz İordaniyanı dost ölkə hesab edirik. Bizi çox şey birləşdirir", – deyə Tokayev qeyd edib.
Tokayev vurğulayıb ki, bu gün qəbul ediləcək Birgə Bəyanat və razılaşmalar Qazaxıstan-İordaniya əməkdaşlığının bütün ikitərəfli və çoxtərəfli gündəlik üzrə genişləndirilməsi istiqamətində ortaq istəklərin göstəricisidir.
Görüş zamanı tərəflər ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, turizm, energetika, rəqəmsallaşma və farmasevtika kimi əsas sahələrdə əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
İki ölkə arasında mədəni-humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Qazaxıstan Prezidenti və İordaniya Kralı beynəlxalq və regional təhlükəsizliklə bağlı aktual məsələlər üzrə də fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Kasım-Jomart Tokayev İordaniya Kralını Qazaxıstana rəsmi səfərə dəvət edib.