BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyanın əl-Əzraq aviabazasına ballistik raketlərlə zərbə endirdiyini və burada yerləşən ABŞ-yə məxsus F-35 qırıcılarından üçünün məhv edildiyini iddia edib.
TurkicWorld xəbər verir ki, İranın dövlətə yaxın Fars xəbər agentliyinin yaydığı məlumata əsasən, SEPAH bəyanatında hücumun ABŞ-nin Qeşm adasına endirdiyi və iki valideynlə bir uşağın öldüyü iddia edilən zərbəyə cavab olaraq həyata keçirildiyi bildirilib.
SEPAH-ın açıqlamasına görə, əl-Əzraq aviabazasındakı perron və texniki xidmət anqarı bir neçə ballistik raketlə vurulub. Bəyanatda üç F-35 döyüş təyyarəsinin tamamilə məhv edildiyi, daha üç təyyarəyə ciddi ziyan dəydiyi iddia olunur.
Qurum həmçinin hücum nəticəsində bir sıra ABŞ hərbçilərinin, texniki heyət və xidmət personalının öldüyünü irəli sürüb. Bəyanatda ABŞ ordusuna qarşı sərt ittihamlar səsləndirilib və bölgədəki ABŞ hərbi mövcudluğunun sona çatdırılması çağırışı edilib.
ABŞ və İordaniya rəsmiləri SEPAH-ın iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. İrəli sürülən məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.







