BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın Tunisdəki keçmiş səfiri və Dövlət Departamentinin İran məsələləri üzrə idarəsinin sabiq rəhbəri Coey Hud bildirib ki, Oman hazırda Hörmüz boğazı ilə bağlı İranla faktiki olaraq "dünya adından" danışıqlar aparır.
TurkicWorld xəbər verir ki, Coey Hud bu barədə Əl-Cəzirə telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Hörmüz boğazından daşınan məhsullar bütün dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır. Hud qeyd edib ki, xüsusilə Körfəz ölkələri və İraq iqtisadiyyatlarının əsasını təşkil edən neft, təbii qaz, gübrə və helium kimi məhsullar bu marşrut vasitəsilə ixrac edilir.
Keçmiş diplomat bildirib ki, müharibədən əvvəl beynəlxalq su yollarında gəmiçilik azadlığı ilə bağlı ümumi anlaşma mövcud idi. Lakin hazırkı şəraitdə Hörmüz boğazından təhlükəsiz keçid əvvəlki dövrlə müqayisədə daha çətinləşib.
Hudun sözlərinə görə, Oman hazırda İranın gəmilərin təhlükəsiz keçidinə razılıq verməsi üçün minimum tələblərinin nədən ibarət olduğunu müəyyənləşdirməyə çalışır.
O əlavə edib ki, əgər İran gəmi keçidinə görə ödəniş tələb etməzsə, vəziyyətin əvvəlki normal vəziyyətə qayıtması mümkün ola bilər.
Qeyd edək ki, bu fikirlər Coey Hudun şəxsi qiymətləndirmələridir və rəsmi mövqeni əks etdirmir.







