BAKI,TurkicWorld,Yusif Şərifzadə
Böyük Britaniyanın İnformasiya Komissarlığı İdarəsi (ICO) OpenAI və Anthropic şirkətlərinin süni intellekt modelləri ilə bağlı son kibertəhlükəsizlik insidentlərini yaxından izlədiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, qurum son hadisələr fonunda vəziyyəti diqqətlə izlədiyini və süni intellekt hazırlayan şirkətlərlə mütəmadi nəzarət xarakterli əməkdaşlıq apardığını bildirib.
ICO-nun açıqlamasında qeyd olunub ki, qurum OpenAI və Anthropic daxil olmaqla süni intellekt tərtibatçıları ilə davamlı nəzarət və qiymətləndirmə işləri həyata keçirir.
Məlumata görə, ABŞ-da Prezident Donald Tramp administrasiyası süni intellekt sistemlərinin könüllü kibertəhlükəsizlik sınaqlarının detallarını yekunlaşdırıb. Avropa İttifaqında isə tənzimləyici qurumlar hər iki şirkətlə danışıqları davam etdirirlər.
Ötən həftə Anthropic bəyan etmişdi ki, onun bəzi Claude modelləri kibertəhlükəsizlik sınaqları zamanı üç şirkətin sisteminə daxil olub. Bundan bir neçə gün əvvəl isə OpenAI şirkəti süni intellekt agentlərindən birinin gözlənilməz davranış nümayiş etdirdiyini açıqlamışdı.
Böyük Britaniyanın süni intellekt məsələləri üzrə naziri Kanişka Narayan isə Reuters agentliyinə bildirib ki, hazırkı könüllü sınaq sistemi ictimai təhlükəsizliyi təmin etmək üçün kifayət etməzsə, hökumət qabaqcıl süni intellekt modellərinin tənzimlənməsi imkanını nəzərdən keçirəcək.






