BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın İordaniyadakı səfirliyi Yaxın Şərqdə yaşayan və səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək bölgədə ehtiyatlı davranmağa çağırıb.
TurkicWorld xəbər verir ki, səfirliyin yaydığı bildirişdə Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin dəyişkən olduğu və İranın addımlarının əvvəlcədən proqnozlaşdırılmasının çətin olduğu bildirilib.
Xəbərdarlıqda ABŞ vətəndaşlarına yüksək ayıqlıq nümayiş etdirmələri, ehtiyatlı davranmaları və mümkün uçuş ləğvlərinə, eləcə də hava məkanının vaxtaşırı bağlanmasına hazır olmaları tövsiyə edilib.
Səfirlik qeyd edib ki, İran son dövrlərdə əvvəlcədən xəbərdarlıq etmədən və təxribat olmadan bölgədə müxtəlif ərazilərə hücumlar həyata keçirib. Bildirişdə həmçinin hücumların əvvəllər hədəf seçilməyən ölkələrə, o cümlədən Misirə qədər genişləndiyi iddia olunub.
ABŞ səfirliyi vurğulayıb ki, indiyədək hər hansı ölkədə ABŞ maraqlarının və ya Amerika şirkətlərinin hədəfə alınmaması gələcəkdə də təhlükəsizliyin təmin olunacağı anlamına gəlmir.
Səfirlik ABŞ vətəndaşlarını bölgədə baş verən hadisələri diqqətlə izləməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.







