Bakı, TurkicWorld
2024-cü ilin ilk altı ayında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların həcmi 65 faiz artaraq 2,1 milyon tona çatıb.
TurkicWorld bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidmətinə istinadla xəbər verir.
Mətbuat xidmətindən verilən məlumata görə, 2024-2028-ci illər üçün dəniz infrastrukturunun inkişafına dair kompleks plan qəbul edilib. Sənəd Aktau və Kurık limanları əsasında böyük dəniz nəqliyyatı və logistika klasterinin yaradılmasını nəzərdə tutur.
Bu, konteyner tutumunun artırılmasına, yükdaşıma terminallarının və beynəlxalq nəqliyyat logistikasının inkişafına, inzibati maneələrin azaldılmasına imkan verəcək.
Kurık və Bakı dəniz limanları vasitəsilə Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutu üzrə Çindən Avropaya ilk sınaq tranzit avtomobil daşımalarının təşkili mühüm hadisə olub.
Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Xəzər dənizindən keçməklə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirir.