Qazaxıstan və İtaliya 500 milyon dollar dəyərində sənaye layihələri həyata keçirəcək

Qazaxıstan və İtaliya 500 milyon dollar dəyərində sənaye layihələri həyata keçirəcək

Bakı. TurkicWorld:

Qazaxıstan və İtaliya birlikdə ümumi dəyəri 474 milyon dollar olan 21 sənaye layihəsi həyata keçirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajaninin Astanada görüşü zamanı əldə edilib.

“Ötən il Qazaxıstan və İtaliya arasında ticarət dövriyyəsi 14,9 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-iyul aylarında bu rəqəm 9 milyard dollara çatıb”, - deyə Murat Nurtleu bildirib.

Onun sözlərinə görə, Qazaxıstanın bu göstəricini 110 ixrac bəndi üzrə 900 milyon dollar artırmaq üçün kifayət qədər potensialı var.

"Qazaxıstan-İtaliya əməkdaşlığı enerji, təbii ehtiyatların kəşfiyyatı və hasilatı, tikinti, infrastruktur, nəqliyyat, rabitə, kənd təsərrüfatı, elmi-texniki fəaliyyət və kadr hazırlığı sahələrində perspektivlidir. İtaliya 2005-ci ildən bu yana ölkəyə 7 milyard ABŞ dollarından çox investisiya cəlb etməklə Qazaxıstanın əsas investisiya tərəfdaşlarından biridir. Hazırda Qazaxıstanda 270-ə yaxın italyan şirkəti çalışır", - deyə M.Nurtleu vurğulayıb.

Ləman Əsədli

Twitter: lamanasadli01