Bakı. TurkicWorld:
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatı İnvestisiya Fondunun yaradılmasını təklif edib.
TurkicWorld xəbər verir ki, o bu barədə Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının iclasında bildirib.
"Şanxay Əməkdaşlıq Təşkilatının üstünlükləri üzv dövlətlərin tranzit və nəqliyyat imkanları, nəhəng bazar və iqtisadiyyatları ilə bir-birini tamamlamasıdır. Buna baxmayaraq, 20 ildən artıq müddətdə bu təşkilatın himayəsi altında heç bir iqtisadi layihə həyata keçirilməyib. Dünya maliyyə institutlarının qabaqcıl təcrübələrini özündə birləşdirən Astana Beynəlxalq Maliyyə Mərkəzi Şanxay Əməkdaşlıq Təşkilatının regional layihələrinə birbaşa investisiyaların qoyulması üçün effektiv platformaya çevrilib", - deyə o əlavə edib.
Tokayev onu da bildirib ki, bu təşkilatın iqtisadi gündəliyi qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün əlverişli şəraitin yaradılması, mövcud ticarət maneələrinin aradan qaldırılması kimi məqsədlərə yönəldilməlidir.
Qeyd edək ki, 15 iyun 2001-ci il tarixində yaradılan Şanxay Əməkdaşlıq Təşkilatının məqsədi mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılmasıdır.
Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistan bu təşkilata üzv dövlətlərdir.
Ləman Əsədli
Twitter: lamanasadli01