Son dəqiqə

Azərbaycan Türkiyə Qazaxıstan Özbəkistan Qırğızıstan Macarıstan Türk İnvestisiya Fondu Türk Dövlətləri Təşkilatı (TDT)

Türk İnvestisiya Fondu sürətli nəticə üçün ilk olaraq az xərcli layihələri maliyyələşdirəcək

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Türk İnvestisiya Fondu ilkin mərhələdə əsas diqqəti sürətli və konkret nəticələr verəcək az xərcli layihələrə yönəldəcək.

Bunu TurkicWorld-a verdiyi özəl müsahibədə Türk İnvestisiya Fondunun baş direktoru Ramil Babayev bildirib.

“Genişləndikcə daha iri və mürəkkəb layihələrə keçəcəyik. Məqsədimiz 2030-cu ilə qədər tam formalaşmış investisiya platformasına çevrilmək və regional iqtisadi əməkdaşlıq üçün etibarlı dayaq olmaqdır”, – deyə o bildirib.

R. Babayev qeyd edib ki, fondun əməliyyat fəaliyyətinin işə salınması və maliyyələşdirməyə başlanılması 2026-cı ilin birinci rübünün sonunadək planlaşdırılır.

“Bu qərar bizim üçün çox vacibdir, çünki fondun yaradılma mərhələsindən maliyyə əməliyyatlarının icrasına keçidini ifadə edir. Layihə müraciətləri üzrə hazırlıq işləri artıq aparılır və 2026-cı ildə əməliyyat strukturu tam şəkildə qurulan kimi maliyyələşmənin başlanması gözlənilir. Eyni zamanda, gələcəkdə birgə maliyyələşdirilən layihələr üçün zəmin yaratmaq məqsədilə bir sıra regional və beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələr də aparmışıq”, – deyə baş direktor vurğulayıb.

Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması barədə qərar 11 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) 9-cu sammitində qəbul edilib. Fondun üzvləri Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Fondun məqsədi regional ticarətin genişləndirilməsi və iqtisadi fəaliyyətin dəstəklənməsi yolu ilə TDT-yə üzv dövlətlərin iqtisadi inkişafına töhfə verməkdir.

Mövzuya görə xəbərlər