BAKI,TurkicWorld,Fərid Mikayılov
Qazaxıstan dövlət qurumlarının süni intellektdən (AI) istifadəyə hazırlığı üzrə Mərkəzi Asiyada lider mövqeyə yüksəlib və Oxford Insights tərəfindən açıqlanan Government AI Readiness Index 2025 reytinqində 195 ölkə arasında 60-cı yerə yüksəlib.
TurkicWorld xəbər verir ki, Qazaxıstan ötən illə müqayisədə 16 pillə irəliləyərək ən sürətli inkişaf göstərən dövlətlərdən biri olub. 2024-cü ildə Qazaxıstan bu reytinqdə 76-cı pillədə qərarlaşmışdı.
Hesabatda dövlətlərin süni intellekti ictimai idarəetmə, iqtisadiyyat və sosial sahələrdə tətbiq etmək bacarığı, eyni zamanda təhlükəsiz, məsuliyyətli və dayanıqlı AI idarəçiliyi qiymətləndirilir.
Qazaxıstan regionda ən yüksək göstəriciyə malik ölkə kimi institusional potensialın gücləndirilməsi, tənzimləyici çərçivələrin formalaşdırılması və AI texnologiyalarının real dövlət xidmətlərində tətbiqi sahəsində irəliləyiş nümayiş etdirib.
Xüsusilə Dövlət sektorunda tətbiq kateqoriyasında Qazaxıstan 73,59 bal toplayaraq diqqət çəkib. Bu göstərici elektron hökumət platformalarının yetkinliyini, rəqəmsal dövlət xidmətlərinin geniş istifadəsini və proaktiv xidmət modelinə keçidi əks etdirir.
Hesabatda ölkənin inkişaf etmiş rəqəmsal və telekommunikasiya infrastrukturu, yüksək internet əlçatanlığı və milli rəqəmsal platformalar AI həllərinin ölkə miqyasında tətbiqi üçün əsas üstünlük kimi qiymətləndirilib.
Oxford Insights Qazaxıstanın siyasi və inzibati hazırlığını, strateji sənədləri, normativ bazanın inkişafını və dövlət səviyyəsində AI-yə davamlı diqqəti xüsusi vurğulayıb.
Ekspertlərin fikrincə, növbəti mərhələdə Qazaxıstanın əsas hədəfləri süni intellektin kommersiyalaşdırılması, startap ekosisteminin gücləndirilməsi, özəl sektorun məlumat və maliyyə alətlərinə çıxışının genişləndirilməsi olacaq.







