Bakı, TurkicWorld
Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstanda baş vermiş AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın tez bir zamanda başa çatacağına ümid edir.
TurkicWorld xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Qazaxıstan komissiyasının Azərbaycanın AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmasını tezliklə başa çatdıracağını və bundan sonra bütün tərəflərin məsələni həll edə biləcəyini gözləyir:
"Ümid edirik ki, Qazaxıstan komissiyası araşdırmasını tezliklə başa çatdıracaq və birlikdə bu faciəli hadisə, bu faciə ilə bağlı qalan bütün sualları həll edəcəyik. Heç kimin buna şübhəsi olmamalıdır".
Diplomat qeyd edib ki, "Rusiya tərəfi bu strukturla sıx əməkdaşlıq edir, ona bütün lazımi yardımı göstərir və Rusiya aviasiya hakimiyyəti qazaxıstanlı həmkarlarından alınan bütün sualları cavablandırıb".
Zaxarova vurğulayıb ki, Rusiya və Azərbaycan liderlərinin bu il oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində keçirilən görüşündən sonra əldə etdikləri bütün razılaşmaları tam şəkildə həyata keçirməyə sadiqdir.







