BAKI,TurkicWorld
Kənd təsərrüfatı və iqlim riskləri bir-birindən ayrı qiymətləndirilə bilməz və kənd təsərrüfatının COP31-də əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycan hazırda COP31-ə hazırlıq işləri aparır və Türkiyədən böyük nümayəndə heyəti tədbirlərdə iştirak edir.
"Bəlkə də Türkiyədə COP31-də baxılacaq birinci məsələlərdən biri kənd təsərrüfatı, əkinçiliklə bağlıdır. Çünki bu gün iqlimdən gələn təsirlər və risklər artıq kənd təsərrüfatının inkişafı ilə o qədər bağlıdır ki, iqlim risklərinə və kənd təsərrüfatına ayrı-ayrılıqda baxmaq mümkün deyil", — deyə M.Babayev bildirib.
O qeyd edib ki, iqlim dəyişiklikləri kənd təsərrüfatına təsir etməklə yanaşı, kənd təsərrüfatının özü də iqlim proseslərinə təsir göstərir.
"Bu gün iqlimdə gedən proseslər hətta kənd təsərrüfatında gedən proseslərdən asılıdır. Ona görə bütün bunlar bir-biri ilə çox bağlı sahələrdir", — deyə Prezidentin nümayəndəsi vurğulayıb.
M.Babayev bildirib ki, Azərbaycanda kənd təsərrüfatı və iqlim dəyişmələri ilə bağlı məsələlər artıq üçüncü ildir ciddi şəkildə araşdırılır və müvafiq proqramlar qəbul edilir.
O, bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinin rolunu xüsusi qeyd edib.
"Biz çox minnətdarıq Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə və komandasına ki, artıq üçüncü ildir bu mövzu Azərbaycanda çox ciddi şəkildə araşdırılır, müvafiq proqramlar qəbul olunur və bu proqramlarda Kənd Təsərrüfatı Nazirliyi liderliyi saxlayıb, işi yüksək səviyyədə aparır", — deyə M.Babayev əlavə edib.
Onun sözlərinə görə, kənd təsərrüfatı və iqlim məsələləri ilə bağlı elmi araşdırmaların genişləndirilməsi, ekspertlərin fikirlərinin nəzərə alınması və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi vacibdir.
M.Babayev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) da bu sahədə mühüm rol oynadığını bildirib.
"FAO-nun dünyada və Azərbaycanda kənd təsərrüfatı sektorunda aparılan işlərdə, proqramların icrasında çox böyük rolu var", — deyə o vurğulayıb.
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi qeyd edib ki, Azərbaycan kənd təsərrüfatı və iqlim məsələlərinin daha geniş auditoriyada müzakirə olunmasında maraqlıdır.
O, həmçinin tədbirdə səsləndirilən ekspert fikirlərinin ölkənin müvafiq proqram və sənədlərində nəzərə alınmasının tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.







