Son dəqiqə

Azərbaycan BMT Elnur Soltanov COP31 Bakı İqlim Həftəsi Dəyişmələri üzrə Çərçivə Konvensiyası

Azərbaycan qlobal miqyasda enerji təhlükəsizliyinə ən etibarlı töhfə verənlərdən biridir - Elnur Soltanov

BAKI,TurkicWorld

Azərbaycan həm Avropada, həm də qlobal miqyasda enerji təhlükəsizliyinə ən etibarlı töhfə verən ölkələrdən biridir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən "Bakıdan COP31-ə: Parçalanmış dinamikanı qoruyub saxlamaq" adlı panel müzakirəsi zamanı çıxışında deyib.

O qeyd edib ki, təbii qaz ehtiyatla idarə olunarsa, iqlim böhranının həlli yolunun bir hissəsi ola bilər. Bəlkə yeganə həll yolu deyil, lakin mütləq şəkildə bu rolun bir hissəsidir.

"Düşünürəm ki, biz regional miqyasda bərpa olunan enerji sahəsində lider ola bilərik. Biz regionun ən böyük günəş elektrik stansiyasına,külək elektrik stansiyasına sahibik və artıq qoyuluş gücündə bərpa olunan enerjinin payı 31% təşkil edir. 2027-ci ilin sonuna qədər bu rəqəm 34% olacaq.

Bərpa olunan enerji istehsalımız keçən il ilə müqayisədə bu il iki dəfəyə yaxın artacaq",- deyə o bildirib.

Qeyd edək ki, 11 sentyabradək Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.

İqlim gündəliyində mühüm beynəlxalq platformaya çevrilən Bakı bu tədbirlər çərçivəsində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində qlobal iqlim fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı müzakirələrə ev sahibliyi edir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.

Bakı İqlim Həftəsi iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.

Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Mövzuya görə xəbərlər