BAKI,TurkicWorld
COP31 öhdəliklərdən icraya və real nəticələrə keçidi təmin etməlidir
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu, "Sıfır Tullantı" Fondunun prezidenti Samed Ağırbaş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.
S.Ağırbaş Azərbaycanın və COP29 sədrliyinin qonaqpərvərliyini və göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib.
"Biz COP29 sədrliyindən çox şey öyrənmişik. Onların təcrübəsi, dostluğu və səmimi dəstəyi bizim üçün həqiqətən dəyərli olub. Buna görə də bu gün yeni bir səyahətə başlamırıq, COP31-ə hamınızla birlikdə davam edirik. Başqa sözlə, Bakıdan Türkiyədə keçiriləcək COP31-ə doğru irəliləyirik", - deyə o bildirib.
COP31-in əsas diqqətinin öhdəliklərdən icraya və real nəticələrin əldə olunmasına yönəldiləcəyini vurğulayan S.Ağırbaş qeyd edib ki, iqlim gündəliyi real iqtisadiyyata daha da yaxınlaşdırılmalıdır.
"COP31 iqlim ambisiyalarını real iqtisadiyyata yaxınlaşdırmalıdır. İqlim üzrə öhdəlikləri investisiya və maliyyələşdirmə baxımından cəlbedici layihələrə, eləcə də genişmiqyaslı həllərə çevirməliyik. İqlim maliyyələşməsi bu səylər üçün, xüsusilə inkişaf etməkdə olan ölkələr, ən az inkişaf etmiş ölkələr və təhdid altında olan kiçik ada dövlətləri üçün mühüm əhəmiyyət daşıyacaq", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, dövlət və özəl maliyyə arasında əməkdaşlığın gücləndirilməsi, iqlim tədbirlərinin isə şəhərlərə, icmalara və insanlara çatdırılması vacibdir.
"Bu, enerji keçidinin sürətləndirilməsi, iqlim maliyyəsinin səfərbər edilməsi və hökumətləri, biznesi, investorları, şəhərləri və vətəndaş cəmiyyətini praktiki həllər ətrafında bir araya gətirmək deməkdir", - S.Ağırbaş əlavə edib.
COP31 üzrə İqlim üzrə Yüksəksəviyyəli Çempion kimi qeyri-dövlət aktorlarının yalnız müzakirələrin iştirakçısı deyil, həm də həllərin həyata keçirilməsində fəal tərəf olmasını istədiyini bildirən S.Ağırbaş "sıfır tullantı" yanaşmasının da bu transformasiyanın mühüm hissəsi olduğunu deyib.
O qeyd edib ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə "Sıfır Tullantı" hərəkatı iqlim fəaliyyətinin insanların gündəlik seçimlərindən başlaya və qlobal hərəkat səviyyəsinə yüksələ biləcəyini göstərib.
"Sıfır Tullantı Fondunun prezidenti kimi hesab edirəm ki, dövri iqtisadiyyat və resurslardan səmərəli istifadə iqlimlə bağlı gələcəyin ayrılmaz hissəsi olmalıdır. Tullantılara iqtisadi dəyər baxımından yanaşılmalı və bununla da dövri iqtisadiyyat inkişaf etdirilməlidir", - deyə o bildirib.
S.Ağırbaş COP29-un təcrübəsi, Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq münasibətləri və qlobal tərəfdaşların dəstəyi ilə COP31-in icra, tərəfdaşlıq və real nəticələr konfransına çevrilə biləcəyinə inandığını söyləyib.
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.







