BAKI,TurkicWorld
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda dayanıqlı enerji infrastrukturu layihələrinin hazırlanmasının maliyyələşdirilməsi imkanını nəzərdən keçirir.
AİB-in sənədinə görə, layihənin hazırlanması üçün texniki yardımın göstərilməsinə Xüsusi Texniki Yardım Fondu vasitəsilə qrant əsasında 500 min dolların ayrılması təklif olunur.
“Sözügedən texniki yardımın Fondun vəsaitləri hesabına qrant əsasında göstərilməsi təklif edilir, belə ki, bu yardım AİB-in 2026-cı il üzrə indikativ ölkə planına və monitorinq hesabatına daxil edilmiş Azərbaycanın elektrikpaylayıcı şəbəkələrinin modernləşdirilməsi üzrə təklif olunan layihənin birinci mərhələsinin hazırlanmasını dəstəkləyəcək”, — sənəddə deyilir.
Vəsaitlər həmçinin sektorda prioritet məsələlərin həlli, layihənin hazırlıq səviyyəsinin artırılması və AİB-in Azərbaycanda gələcək əməliyyatlarının dəstəklənməsi məqsədilə ayrı-ayrı sahəvi tədqiqatların aparılmasına, potensialın gücləndirilməsinə və gender məsələləri üzrə tədbirlərə yönəldiləcək.
Layihənin həyata keçirilməsinin elektrikpaylayıcı şəbəkədə elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına töhfə verəcəyi gözlənilir.
Layihənin məqsədi elektrikpaylayıcı şəbəkələrin rəqəmsallaşdırılmasına və bərpa olunan enerji mənbələrinin inteqrasiyasına investisiyalar üçün hazırlıq səviyyəsinin yüksəldilməsidir.
Son məlumatlara görə, elektrik enerjisinin paylanması sisteminin modernləşdirilməsi və rəqəmsallaşdırılması layihəsinin texniki-iqtisadi əsaslandırılması, o cümlədən rəqəmsal yarımstansiyaların tətbiqinin məqsədəuyğunluğunun qiymətləndirilməsi tamamlanıb. AİB layihələrinin hazırlanması və gender aspektlərinin nəzərə alınması sahəsində “Azərişıq” ASC-nin institusional potensialı gücləndirilib.
AİB-in 2015-2024-cü illər üzrə məlumatına əsasən, Azərbaycan 10 layihə üzrə 2,53 milyard dollar məbləğində suveren maliyyələşdirmə əldə edib. Bu məbləğin 51 faizi regional əməkdaşlıq və inteqrasiya layihələrinə yönəldilib ki, bu da müvafiq qrup ölkələri arasında ən yüksək göstəricilərdən biridir. Daha 39 faiz özəl sektorun inkişafına, 18 faiz iqlim maliyyələşdirilməsinə, 10 faiz isə rəqəmsal texnologiyalar sahəsində təşəbbüslərə ayrılıb.
2015-2024-cü illərdə bank ümumi məbləği 963,9 milyon dollar olan doqquz qeyri-suveren layihəni təsdiqləyib və maliyyələşdirmənin 100 faizi özəl sektorun inkişafına yönəldilib. Qeyd edək ki, öhdəliklərin ümumi həcminin 78 faizi regional əməkdaşlıq və inteqrasiya ilə bağlı olub. Bu, AİB tərəfindən nəzərdən keçirilən yuxarı-orta gəlir səviyyəsinə malik müqayisə olunan ölkələr arasında ən yüksək göstəricidir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin birinci rübündə AİB-in ölkə iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2,075 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünün səviyyəsini 455 min ABŞ dolları və ya 28,1 faiz üstələyir.







