Son dəqiqə

Azərbaycan Türkiyə Energetika Nazirliyi Antalya Diplomatiya Forumu

Antalya Forumunda qlobal enerji böhranı və risklər müzakirə olunub

BAKI,TurkicWorld

Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən nazirlər panelində enerji təhlükəsizliyinin ölkələrin ümumi təhlükəsizliyinin əsas elementi olaraq qaldığını bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, nazir mövcud vəziyyəti “ən böyük neft təchizatı pozuntusu” kimi qiymətləndirərək qlobal bazarda gündəlik təklifin 10 faizdən çox azalmasının ciddi təsirlər yaratdığını vurğulayıb.

Qeyd olunub ki, Hörmüz boğazı vasitəsilə dünya üzrə neft və mayeləşdirilmiş qaz tədarükünün böyük hissəsi daşınır və bu marşrutun əhəmiyyəti strateji olaraq qalır.

Bildirilib ki, neft və qaz qiymətlərindəki artım yalnız istehlakçılara deyil, bütövlükdə qlobal iqtisadiyyata təsir göstərir.

Məlumata görə, Pərviz Şahbazov Azərbaycanın uzun illərdir enerji marşrutlarını şaxələndirərək qlobal enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edib.

Qeyd edilib ki, Azərbaycan hazırda Avropa və Asiyanın 20 ölkəsinə neft ixrac edir və qaz təchizatı coğrafiyasını 16 ölkəyədək genişləndirib.

Bildirilib ki, Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə qaz nəqli artırılsa da, mövcud potensialın tam istifadəsi üçün əlavə investisiyalara ehtiyac var.

Məlumata əsasən, ölkədə 8 qiqavatadək bərpa olunan enerji gücünün yaradılması planlaşdırılır və bunun bir hissəsi yaxın illərdə daxili sistemə inteqrasiya ediləcək.

Qeyd olunub ki, Azərbaycan Türkiyə vasitəsilə Avropa ilə enerji əlaqələrini gücləndirir, eyni zamanda Mərkəzi Asiya ölkələri ilə interkonnektor layihələri həyata keçirir.

Bildirilib ki, enerji keçidi prosesində ənənəvi mənbələrin hələ də dominant rol oynadığı və bu keçidin tədricən və balanslı şəkildə aparılmasının vacib olduğu vurğulanıb.

Məlumata görə, nazir enerji keçidi ilə bağlı tələsik qərarların enerji təhlükəsizliyi üçün risklər yarada biləcəyini qeyd edib.

Mövzuya görə xəbərlər