...

Azərbaycan qazı şaxələndirmə üzrə Bolqarıstanın məqsədlərinə çatmaqda əsas rol oynayacaq - nazir Aleksandr Nikolov (MÜSAHİBƏ)

Energetika Müsahibə 1 İyun 2022 09:56
TurkicWorld Daspina Hasanova
Azərbaycan qazı şaxələndirmə üzrə Bolqarıstanın məqsədlərinə çatmaqda əsas rol oynayacaq - nazir Aleksandr Nikolov (MÜSAHİBƏ)

Bakı. TurkicWorld:

Əminəm ki, Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Bolqarıstanın enerji mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyi və müstəqilliyi ilə bağlı məqsədlərinə nail olunmasında əsas rol oynayacaq.

Bunu TurkicWorld-ə özəl müsahibəsində Bolqarıstanın energetika naziri Aleksandr Nikolov deyib.

Onun sözlərinə görə, bu interkonnektor Bolqarıstanın və bütün Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyi üçün əsas layihədir.

"İnterkonnektorun tikintisi layihəsinin icrasında ciddi ləngimə olsa da, hökumət son aylarda qaz kəmərinin istifadəyə verilməsi istiqamətində fəal addımlar atıb ki, bu da onun vasitəsilə müxtəlif regionlardan qazın nəqlini mümkün edəcək. Bu gün qaz kəməri layihəsinin icrası son mərhələdədir. Bütün kəmərin hidrosınağı başa çatıb, onun Transatlantik Qaz Boru Kəmərinə (TAP) qoşulması həyata keçirilib, Haskovoda dispetçer mərkəzinin tikintisi başa çatıb, yerli qanunvericiliyə uyğun olaraq həyata keçirilməli olan marşrutun işə salınması istiqamətində irəliləyiş var", - deyə A.Nikolov bildirib.

Nazir qeyd edib ki, hazırda ölçmə və nəzarət sistemlərinin quraşdırılması və sınaqları davam etdirilir.

"Layihənin son aylardakı gedişatı bizə nikbin olmağa əsas verir ki, son yenilənmiş layihə cədvəlində göstərildiyi kimi, interkonnektorun tikintisi fiziki cəhətdən ilin ortalarına qədər başa çatdırılacaq. Eyni zamanda, obyektin tez bir zamanda kommersiya fəaliyyətinə başlamaq üçün müxtəlif lisenziya və icazələrin alınması üçün zəruri inzibati prosedurların vaxtını optimallaşdırmağa çalışırıq", - deyə nazir əlavə edib.

A.Nikolov vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyinin və müstəqilliyinin təmin edilməsi səylərində Bolqarıstanın strateji tərəfdaşıdır.

"Ölkələrimiz güclü iqtisadi əməkdaşlıq qurmuşdur ki, bu əməkdaşlıqda enerji sektoru böyük əhəmiyyət kəsb edir. “Qazprom”dan qaz təchizatındakı fasilələr alternativ həll yollarının tapılmasını prioritet məsələyə çevirdi və burada Azərbaycandan tədarük çox vacibdir", - deyə A.Nikolov bildirib.

Nazir xatırladıb ki, Bolqarıstan Azərbaycandan ildə bir milyard kubmetr qaz almağa dair müqavilə imzalayıb, lakin bu həcmlər hələ də tam tədarük edilməyib.

"Təchizat böhranı şəraitində hökumət azərbaycanlı tərəfdaşlarımızla əlavə həcmlərin alınması ilə bağlı sürətləndirilmiş danışıqlar aparıb. Ölkələrimiz arasında səmərəli dialoq mənə nikbin olmağa əsas verir, çünki, ilk növbədə, iyulun əvvəlindən Bolqarıstan razılaşdırılmış həcmləri tam şəkildə alacaq, ikincisi, gələcəkdə bu həcmlər artırıla bilər", - deyə nazir bildirib.

A.Nikolov qeyd edib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisində ciddi gecikmə aradan qaldırılıb.

"Ukraynada müharibənin başlaması ilə Bolqarıstan hökuməti qaz tədarükünün mümkün məhdudlaşdırılması və ya dayandırılmasını proqnozlaşdırıb və enerji təhlükəsizliyini artırmaq üçün fəal səylər göstərib. Birincisi, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisində ciddi ləngimə aradan qaldırılıb. İnterkonnektor ilin ortalarına qədər tam başa çatdırılmalı və bir neçə aya kommersiya istifadəsinə verilməlidir", - deyə A.Nikolov bildirib.

Nazir qeyd edib ki, bu kəmər Xəzər regionundan, Şərqi Aralıq dənizi regionundan və digər mənbələrdən təkcə Bolqarıstanı deyil, digər ölkələri də alternativ qaz tədarükü ilə təmin edəcək.

"İnterkonnektor istismara verildikdən sonra bu marşrutla həm də Azərbaycanla razılaşdırılmış ildə bir milyard kubmetr qaz tədarük ediləcək. Bolqarıstan tərəfinin Aleksandrupolis (Yunanıstan) yaxınlığında LNG terminalının tikintisində səhmdar kimi iştirak etmək qərarından yəqin ki, xəbərdarsınız. İki həftə əvvəl terminalda işlərin başlaması ilə əlaqədar təntənəli mərasim keçirilib. Bu işlərin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. LNG terminalının istismarı yalnız ortamüddətli perspektivdə regionun enerji təhlükəsizliyi məsələsini həll etsə də, biz bu həllin faydalı olduğuna əminik və onun həyata keçirilməsi üzərində fəal işləyirik. Bu səylər sayəsində "Qazprom" tərəfindən tədarükün dayandırılmasına baxmayaraq, hazırda Bolqarıstanda təbii qazın istehlakında heç bir məhdudiyyət yoxdur", - deyə A.Nikolov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan Aİ-də Rusiyanın enerji resurslarından ən çox asılı olan ölkələrdən biridir. Ukraynada müharibə başlamazdan əvvəl ölkəyə qaz tədarükünün 90 faizindən çoxu bir mənbədən - Rusiyadan həyata keçirilirdi.

Nazir qeyd edib ki, baxmayaraq ki, son illərdə bəzi hökumətlər enerji mənbələrinin şaxələndirilməsi üçün aktiv səylər göstərdiklərini bildirsələr də, hərbi əməliyyatlar və "Qazprom" tərəfindən tədarükün dayandırılması real vəziyyəti ortaya qoydu.

"Məsələ burasındadır ki, Bolqarıstan indiyədək ehtiyaclarını demək olar ki, yalnız Rusiya təbii qazı hesabına ödəyib. Bir mənbədən belə ciddi asılılıq şəraitində mövcud müqavilənin pozulması ilə ölkəmizə qaz tədarükünün dayandırılması bizim üçün ciddi çağırışdır. Bununla belə, bu, Bolqarıstan üçün bu asılılığı aradan qaldırmaq və şəffaflıq, şaxələndirmə, rəqabətqabiliyyətli tədarük və istehlakçılar üçün daha yaxşı şərait əsasında enerji sistemini inkişaf etdirməyə davam etmək üçün bir şansdır. Hökumətin son aylardakı səyləri bu vəzifələrin həyata keçirilməsinə yönəlib", - deyə A.Nikolov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan yeraltı qaz anbarının tutumunun artırılması üzərində işləyir.

"Bolqarıstanın bir yeraltı qaz anbarı var - Çirendə. O, istehlakın mövsümi tərəddüdlərinin ödənilməsinə xidmət edir və qaz təchizatının təhlükəsizliyinə töhfə verən vasitələrdən biridir. Yazda qaz anbarı doldurulur, payız-qış dövründə isə qaz boşaldılır. Bu qaz anbarında təbii qazın saxlanma qabiliyyəti 550 milyon kubmetrdir, bu isə Bolqarıstanda illik istehlakın təxminən 1/6-sını təşkil edir. Təbii qaz təchizatının təhlükəsizliyini artırmaq üçün qaz anbarının operatoru “Bulqartransqaz” anbarın tutumunun genişləndirilməsi layihəsi üzərində işləyir. Layihə başa çatdıqdan sonra qaz anbarının tutumunun 1 milyard kubmetrə çatdırılması planlaşdırılır", - deyə nazir bildirib.

A.Nikolov qeyd edib ki, interkonnektor layihəsi Bolqarıstanda və regionda təbii qaz bazarında enerji təhlükəsizliyinin, rəqabətin və likvidliyin artırılması üçün strateji əhəmiyyət kəsb edir.

"İnterkorrektor layihəsi 2013-cü ildən Aİ-nin №347/2013 Reqlamentinə uyğun olaraq "Ümumi maraq kəsb edən layihə" statusuna malikdir. Bu, həm də Üç Dəniz Təşəbbüsü çərçivəsində prioritet layihədir", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti