Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

Bakı. TurkicWorld:

2023-cü ilin fevral ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 39 faiz artaraq, 1 milyon 621 min 383 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 37 faiz artaraq 1 milyon 312 min 66 nəfər, beynəlxalq reyslər üzrə isə 47 faiz artaraq 309 min 317 nəfər təşkil edib.

Bu ilin fevral ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 15 min 564 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq, 10 min 513 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 14 faiz artaraq, 5 min 51 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz artaraq, 13 min 807 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 40 faiz artaraq 11 min 172, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 2 min 635 olub.

2023-cü ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 25 milyon 370 min 192 nəfər, yük dövriyyəsi isə 430 min 212 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.