Azərbaycanın "Zəfər" yatağında qiymətli metal ehtiyatlarının həcmi açıqlanıb

Azərbaycanın "Zəfər" yatağında qiymətli metal ehtiyatlarının həcmi açıqlanıb

Bakı. TurkicWorld:

Anglo Asian Mining (AAM) Azərbaycanın Gədəbəy rayonundakı yeni "Zəfər" yatağında qiymətli metalların ilkin həcmini açıqlayıb.

AAM-dan TurkicWorld-a verilən məlumata görə, yataqda 28 min tonadək mis, 73 min unsiya qızıl və 36 min tonadək sink mövcuddur.

"Layihə ildə 700 minədək filiz hasilatına əsaslanıb (həcm faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş JORC beynəlxalq təsnifat sisteminə əsaslanıb). Mövcud emal müəssisələrindən təqribən 850 metr məsafədə və minerallaşma müəssisəsindən 1000 metr aralıda iki tunelin inşası artıq başladılıb. Bundan başqa, ikiqat tunellərin, enerji və kompressor platformalarının, həmçinin, avadanlıq yerləşdiriləcək ərazinin inşası üçün torpaq işləri artıq tamamlanıb. Paralel olaraq ofis, emalatxana və ağır avadanlığa xidmət obyektlərinin yaradılması üzrə işlər görülür", - şirkətdən bildiriblər.

Xatırladaq ki, bundan əvvəl şirkət "Gilar" yatağında 135 min unsiya qızıl, 21,5 min ton mis və 23 min ton sinkin olduğunu bildirmişdi.

Anglo Asian Mining yaxın illərdə Azərbaycanda "Qaradağ", "Xarxar" və "Dəmirli" kimi müqavilə zonalarını istismara verməyi planlaşdırır. Şirkət işğaldan azad edilmiş ərazilərdə, Zəngilan rayonunda "Vejnəli" qızıl yatağının kəşfiyyatına artıq başlayıb.

Anglo Asian Mining tərəfindən Azərbaycanda istehsal olunan qızıl külçələr əsasən İsveçrəyə, mis isə Gürcüstan, Özbəkistan və Türkiyəyə ixrac olunur.