Son dəqiqə

Azərbaycan Çin İnvestisiya Azərbaycan Beynəlxalq İnvestisiya Forumu

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

BAKI,TurkicWorld

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) Çinin "Silk Road Fund" (SRF) ilə Birgə İnvestisiya Fondunun yaradılmasını elan edib.

Bu barədə Azərbaycan İnvestisiya Holdinqi məlumat yayıb.

Bildirilib ki, Ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard ABŞ dolları) təşkil edən Birgə İnvestisiya Fondu Azərbaycanda, eləcə də Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsündə iştirak edən digər ölkələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

"Fond AİH və SRF tərəfindən investisiya imkanlarının birgə nəzərdən keçirilməsi və perspektiv layihələrin maliyyələşdirilməsi üçün çərçivə yaradacaq. Bu yeni mexanizm tərəflər arasında investisiya əməkdaşlığının genişləndirilməsi və müxtəlif layihələrə uzunmüddətli kapitalın cəlb edilməsi üçün əlavə imkanlar yaradacaq.

Birgə İnvestisiya Fondunun yaradılması AİH və SRF arasında 2025-ci ilin aprel ayında imzalanmış Çərçivə Sazişinə əsaslanır. Saziş çərçivəsində qurulmuş əməkdaşlığın davamı olaraq, tərəflər Fondun yaradılması istiqamətində işləri davam etdirib, potensial investisiya sahələri, Fondun strukturu və fəaliyyət prinsipləri üzrə müzakirələr aparıblar", - deyə AİH-dən qeyd olunub.

Əlavə edilib ki, fondun yaradılması Azərbaycan və Çin arasında investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi istiqamətində mühüm addımdır. AİH və SRF Fond çərçivəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyən edilməsi və maliyyələşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Mövzuya görə xəbərlər