Son dəqiqə

Azərbaycan Türkiyə Dövlət Vergi Xidməti Orxan Nəzərli TÜİB Hüseyn Böyükfırat

Dövlət Vergi Xidməti və TÜİB sahibkarlarla açıq dialoq keçirib

BAKI,TurkicWorld

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında Açıq Dialoq Platforması çərçivəsində dövlət və sahibkarlar arasında görüş keçirilib. Tədbirdə hər iki qurumun rəhbərliyi, sahibkarlar və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

TurkicWorld xəbər verir ki, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinin iqtisadi əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi üçün yeni imkanlar yaratdığını bildirib. O, ikitərəfli işgüzar əlaqələrin inkişafının və sahibkarlarla davamlı dialoqun əhəmiyyətini vurğulayıb.

Orxan Nəzərli bildirib ki, sahibkarların irəli sürdüyü təkliflər yalnız müzakirə olunmur, məqsədəuyğun hesab edilən təşəbbüslər vergi inzibatçılığının və qanunvericiliyin təkmilləşdirilməsində nəzərə alınır. Dövlət Vergi Xidməti işgüzar dairələrlə dialoqun daha sistemli və davamlı şəkildə qurulmasını əsas istiqamətlərdən biri hesab edir.

Vergi siyasətinin əsas istiqamətlərindən danışan xidmət rəisi iqtisadi artımın və sərmayələrin təşviqinin, kiçik sahibkarlığın dəstəklənməsinin, ixracın artırılmasının, rəqəmsal texnologiyalar və yeniliklər sahəsində çalışan müəssisələr üçün əlverişli vergi mühitinin yaradılmasının əsas məqsədlər sırasında olduğunu qeyd edib.

Sahibkarların inzibati və hesabat yükünün azaldılması, vergi qaydalarının sadələşdirilməsi və vergi borclarının idarə edilməsində daha çevik yanaşmaların tətbiqi istiqamətində də işlərin davam etdirildiyi bildirilib.

Orxan Nəzərli süni intellekt və məlumatların təhlilinə əsaslanan həllərin vergi inzibatçılığında tətbiqinin genişləndirilməsinin nəzərdə tutulduğunu deyib. Məqsəd riskləri daha erkən müəyyənləşdirmək, vergi ödəyicilərini qabaqlayıcı şəkildə məlumatlandırmaq və elektron xidmətləri inkişaf etdirməkdir.

Xidmət rəisinin sözlərinə görə, əsas məqsəd nəzarəti artırmaq deyil, riskləri düzgün müəyyənləşdirmək, şəffaf fəaliyyət göstərən vergi ödəyicilərinə əlavə inzibati yük yaratmamaq və rəqəmsal imkanlardan istifadə etməklə könüllü vergi ödənişlərini təşviq etməkdir.

TÜİB-in İdarə Heyətinin sədri Hüseyn Böyükfırat isə Azərbaycan və Türkiyə sahibkarları arasında əlaqələrin gücləndirilməsinin, yeni işgüzar imkanların yaradılmasının və birgə təşəbbüslərin həyata keçirilməsinin hər iki ölkənin iqtisadi inkişafına töhfə verdiyini bildirib.

O qeyd edib ki, TÜİB üzvləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərərək qeyri-neft sahəsinin inkişafında iştirak edirlər. Hüseyn Böyükfırat dövlət və özəl bölmə arasında açıq və qarşılıqlı etimada əsaslanan dialoqun işgüzar mühitin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların vergi sistemi və sahibkarlıq fəaliyyəti ilə bağlı təklif və müraciətləri dinlənilib.

Mövzuya görə xəbərlər