BAKI,TurkicWorld
Sentyabrın 29-da Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının nümayəndələri arasında görüş keçirilib. Görüşdə kənd təsərrüfatının rəqabət qabiliyyətinin, eləcə də suvarma və drenaj xidmətlərinin səmərəliliyinin artırılmasını nəzərdə tutan “Rəqabətqabiliyyətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” layihəsinin hazırlanması məsələləri müzakirə edilib.
TurkicWorld xəbər verir ki, tərəflər layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin rolunu, fəaliyyət istiqamətlərini, layihənin əsas hissələrinin əhatə dairəsini və maliyyələşdirmə məsələlərini nəzərdən keçiriblər. Layihənin həyata keçiriləcəyi coğrafi ərazilər və onun imkanlarından yararlanacaq hədəf qrupları ətrafında da fikir mübadiləsi aparılıb.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Dünya Bankının nümayəndələrinə Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və su məhsullarının yetişdirilməsi, istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının əsas istiqamətləri barədə məlumat verib.
Zaur Əliyev aqrar sahənin rəqabət qabiliyyətinin və dayanıqlılığının yüksəldilməsinin əsas istiqamətlərdən biri olduğunu bildirib. Nazir müavini müasir maliyyələşdirmə mexanizmlərinin tətbiqi və kənd təsərrüfatının inkişafına xidmət edən yeni təşəbbüslərin həyata keçirilməsi sahəsində Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.
Görüşün sonunda layihənin növbəti mərhələləri, nəzərdə tutulan tədbirlərin həyata keçirilmə müddəti və tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.







