BAKI,TurkicWorld
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib. Sessiyada kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, innovativ yanaşmalar və aqrar sahəyə investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.
TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən forum çərçivəsində təşkil olunan panel sessiyada kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrobiznes sahəsində innovasiyaların və yeni texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb.
Nazir bildirib ki, texnoloji yenilənmə, innovasiya fəaliyyətinin genişləndirilməsi və yüksək əlavə dəyər yaradan istehsalın inkişafı aqrar sektorun məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır.
“AnewZ” telekanalının aparıcısı Keyti Vilsonun moderatorluğu ilə keçirilən sessiyada ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin dekanı Matteo Vittuari, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun köməkçisi və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Qutu, “Azersun Holding”in Müşahidə Şurasının sədri Tahir Gözəl və “Agro Dairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov iştirak ediblər.
Müzakirələr zamanı aqrar sahədə innovasiyaların, dayanıqlı kənd təsərrüfatı təcrübələrinin və müasir texnologiyaların tətbiqi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, resurslardan səmərəli istifadə və aqrar məhsulların beynəlxalq bazarlara çıxış imkanları diqqət mərkəzində olub.
Panel iştirakçıları həmçinin özəl sektorun aqrobiznesdə rolu, istehsal və emal imkanlarının artırılması, texnologiyaların tətbiqi və investisiya imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.







