BAKI,TurkicWorld
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüş keçirib. Görüşdə iki ölkə arasında dağ-mədən sənayesi, investisiya və ticarət əlaqələrinin inkişaf imkanları müzakirə olunub.
TurkicWorld xəbər verir ki, görüş zamanı Azərbaycan və İndoneziya arasında dağ-mədən sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və investisiya tərəfdaşlığının inkişaf perspektivləri diqqət mərkəzində olub.
Zakir İbrahimov səfirə “AzerGold” QSC-nin 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, strateji inkişaf istiqamətləri və şirkətin fəaliyyət sahələri barədə məlumat verib. Bildirilib ki, cəmiyyət geoloji kəşfiyyat, yataqların işlənməsi, hasilat, emal, istehsal obyektlərinin yaradılması və istismarı daxil olmaqla dağ-mədən sənayesinin bütün əsas mərhələləri üzrə təcrübə və potensial formalaşdırıb.
Görüşdə qeyd olunub ki, “AzerGold”un əsas prioritetlərindən biri beynəlxalq fəaliyyət imkanlarının genişləndirilməsi, xarici tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin edilməsidir.
Zakir İbrahimov Azərbaycan Respublikasında dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün qəbul edilmiş Dövlət Proqramının yaratdığı imkanlardan danışıb. Berlian Helmi bu istiqamətdə müəyyənləşdirilən prioritetlərin İndoneziyanın dağ-mədən sənayesinin inkişaf siyasəti ilə uyğunluq təşkil etdiyini bildirib.
Səfir qeyd edib ki, İndoneziyanın inkişaf edən metallurgiya sənayesi böyük həcmdə dəmir filizinə ehtiyac duyur və ölkə xammal mənbələrinin şaxələndirilməsində maraqlıdır. Tərəflər gələcəkdə Azərbaycan ilə İndoneziyanın aparıcı dağ-mədən şirkətləri arasında mümkün əməkdaşlıq modelləri barədə fikir mübadiləsi aparıblar.







