BAKI,TurkicWorld
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın yalnız ixracın artırılması ilə məhdudlaşmaması, daha geniş strateji biznes tərəfdaşlıqlarının qurulması vacibdir.
Bunu biznes inkişafı üzrə ekspert İlona Karpanos II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, bizneslər beynəlxalq bazarlara çıxmaqda maraqlıdır və əsas məqsəd şirkətlərin imkanlarını, qarşılaşdıqları çətinlikləri müəyyənləşdirərək onları müvafiq tərəfdaşlarla bir araya gətirməkdir.
“Bizneslər beynəlxalq bazarlara çıxmaq istəyirlər. Mənim əsas diqqətim bizneslərin nə təklif edə biləcəyini, hansı çətinliklərlə üzləşdiyini anlamaq və onların uğur qazanmasına kömək etmək üçün lazımi tərəfləri bir masa ətrafında toplamaqdır”, – deyə İlona Kapanış bildirib.
Onun sözlərinə görə, Azərbaycan hazırda biznes və iqtisadi inkişaf baxımından yeni imkanların yarandığı mühüm mərhələdədir. Bu proses yalnız ixracın artırılması deyil, daha geniş və strateji tərəfdaşlıq şəbəkələrinin yaradılması baxımından qiymətləndirilməlidir.
Karpanos bu istiqamətdə biznes palatalarının və regional şəbəkələrin iki ölkə arasında əlaqələrin qurulmasında mühüm rol oynaya biləcəyini qeyd edib.
O, Kembricdəki təcrübədən danışaraq bildirib ki, regional bizneslərin Böyük Britaniyədən kənarda universitetlər, tədqiqat qurumları və şirkətlərlə əməkdaşlığa cəlb edilməsi müxtəlif birgə layihələrin həyata keçirilməsinə imkan yaradıb.
Karpanos əməkdaşlığın üç əsas istiqamətdə inkişaf etdirilə biləcəyini vurğulayıb. Bunlardan birincisi B2B əlaqələrin genişləndirilməsi, bizneslərin qərar qəbul edən şəxslər, universitetlər, biznes mərkəzləri və digər qurumlarla əlaqələndirilməsidir.
İkinci istiqamətin investisiyalar olduğunu bildirən ekspert investisiya axınının qarşılıqlı xarakter daşımasının vacibliyini qeyd edib.
“İnvestisiya hər iki tərəfdən gəlməlidir. Bizneslərimizin imkanlarını və potensialını müəyyənləşdirməli, onların konkret bazarlardakı tələblərlə necə uyğunlaşa biləcəyini araşdırmalıyıq”, – deyə o bildirib.
O əlavə edib ki, qarşılıqlı biznes əlaqələrinin qurulması şirkətlərin yeni bazarlara çıxışını və potensial tərəfdaşlarla əməkdaşlığını genişləndirə bilər.







