BAKI,TurkicWorld
Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb.
Sənədlər investisiya, tikinti, bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, bank, rəqəmsal texnologiyalar və digər istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur.
Forum çərçivəsində İqtisadiyyat Nazirliyi ilə “ROX Group” arasında tikinti və inkişaf sahəsində əməkdaşlığa dair sənəd imzalanıb.
Bərpa olunan enerji istiqamətində isə Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlığa dair sənəd imzalanıb. Sənəd Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” arasında imzalanıb.
Ələt Azad İqtisadi Zonasında yeni texnologiya əsasında silisium karbid, silisium oksidi və silisium istehsalını nəzərdə tutan layihə üzrə də sənəd imzalanıb.
Forumda, həmçinin ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələri, Ağdam Quşçuluq Layihəsi, baytarlıq vaksinlərinin istehsalı və əczaçılıq istehsalı müəssisəsinin yaradılması üzrə sənədlər rəsmiləşdirilib.
Bundan başqa, Azərbaycan-Oman Birgə İnvestisiya Fondu tərəfindən “AzərTürk Bank” ASC-də səsvermə hüququ verməyən payın əldə edilməsinə dair sənəd imzalanıb.
Forum çərçivəsində “Esyasoft”, SOCAR və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlığa dair sənəd də imzalanıb.
SOCAR ilə İtaliya Futbol Federasiyası arasında strateji əməkdaşlığa dair sənədin imzalanması da forumun mühüm nəticələrindən biri olub.
Eyni zamanda, Azərbaycan və Ukrayna arasında investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair sənəd AZPROMO və “UkraineInvest” arasında imzalanıb.
Forumun diqqətçəkən sənədlərindən biri isə Azərbaycan İqtisadiyyat Nazirliyi ilə “Microsoft Ireland Operations Limited” arasında imzalanan Anlaşma Memorandumu olub.







