BAKI,TurkicWorld
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Qutu ilə görüşüb.
TurkicWorld xəbər verir ki, görüşdə Azərbaycanın kənd təsərrüfatı sahəsində dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar sektor üzrə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Tərəflər kənd təsərrüfatı məhsulları istehsalçıları üçün yeni dəstək mexanizmlərinin yaradılması, aqrar sahədə müasir yanaşmaların tətbiqi və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı FAO ilə Azərbaycan arasında həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb. Tərəflər aqrar sahədə beynəlxalq təcrübənin tətbiqi və əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.
Məcnun Məmmədov və Viorel Qutu FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Bildirilib ki, bu çərçivədə həyata keçirilən layihələr Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına, istehsal imkanlarının artırılmasına və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verir.







