BAKI,TurkicWorld
Azərbaycanın maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və Bankın Azərbaycan üzrə yeni ölkə meneceri Saşa Bakesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
TurkicWorld xəbər verir ki, sentyabrın 9-da keçirilən görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və strateji tərəfdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər birgə həyata keçirilən layihələr, dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Sahil Babayev Dünya Bankının Azərbaycanın inkişaf prioritetlərinə və islahat gündəliyinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Nazir uzunmüddətli tərəfdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafına, institusional potensialının gücləndirilməsinə və müxtəlif sahələrdə həyata keçirilən islahatlara mühüm töhfə verdiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıq infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, məşğulluq və institusional islahatlar daxil olmaqla geniş sahələri əhatə edir.
Azərbaycanın Dünya Bankına üzv olduğu dövrdən etibarən tərəfdaşlıq çərçivəsində 53 layihə üzrə ümumilikdə təxminən 4,9 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılıb.
Nazir Azərbaycanın beynəlxalq inkişaf gündəliyində artan roluna da diqqət çəkib. O bildirib ki, Azərbaycan yuxarı orta gəlirli ölkə statusu əldə etdikdən sonra donor kimi beynəlxalq inkişaf təşəbbüslərinə dəstəyini artırır.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Azərbaycan ilə qurulmuş uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayıb və ölkənin son dövrlərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri və həyata keçirdiyi islahatları yüksək qiymətləndirib.
Roland Prays Dünya Bankının Azərbaycanın inkişaf və islahat gündəliyinə dəstəyini davam etdirməyə, həmçinin qarşılıqlı əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirməyə hazır olduğunu bildirib.
Sahil Babayev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin olunması münasibətilə Saşa Bakesi təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir yeni ölkə menecerinin Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.





