Son dəqiqə

Azərbaycan Bakı Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) FAO Dəyişmələri üzrə Çərçivə Konvensiyası Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq

Müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 300 min hektara çatdırılacaq - Məcnun Məmmədov

BAKI,TurkicWorld

Azərbaycanda 2030-cu ilədək müasir suvarma sistemlərinin tətbiq olunduğu kənd təsərrüfatı sahələrinin təxminən 300 min hektara çatdırılması hədəflənir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq" mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.

Nazir bildirib ki, bu hədəf "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

"Dövlət Proqramında məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artırılması təbii resurslardan səmərəli istifadə, innovasiya, rəqəmsallaşma və dayanıqlılıq prinsipləri ilə uzlaşdırılır. 2030-cu ilədək müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin təxminən 130 min hektardan 300 min hektara çatdırılması hədəflənir", - deyə o qeyd edib.

M.Məmmədovun sözlərinə görə, proqram çərçivəsində iqlimədavamlı aqrar istehsal modelinin gücləndirilməsi və iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması da nəzərdə tutulur.

Nazir qeyd edib ki, iqlim dəyişiklikləri torpaq və su ehtiyatlarına təzyiqi artırır, məhsuldarlığa təsir göstərir və fermerlər üçün yeni risklər yaradır.

"Əsas sual artıq kənd təsərrüfatının transformasiyasının zəruri olub-olmaması deyil, bu transformasiyanı necə daha sürətli, daha ağıllı, daha dayanıqlı və daha inklüziv həyata keçirə biləcəyimizdir", - deyə M.Məmmədov vurğulayıb.

O bildirib ki, Azərbaycan kənd təsərrüfatının gələcəyini məhsuldar, rəqabətqabiliyyətli, iqlimədavamlı, getdikcə daha çox bilik, innovasiya və texnologiyalara əsaslanan inkişaf modelində görür.

Nazirin sözlərinə görə, məhsuldarlıq və dayanıqlılıq Azərbaycan üçün bir-birinə alternativ məqsədlər deyil.

"Onlar vahid aqrar transformasiyanın bir-birini tamamlayan iki istiqamətidir. Rəqəmsallaşma isə bu iki istiqaməti birləşdirən mühüm vasitələrdən biridir", - deyə o əlavə edib.

M.Məmmədov kənd təsərrüfatında süni intellekt, peyk və məsafədən zondlama texnologiyaları, iqlim və sahə məlumatları, dronlar və sensorlardan istifadənin daha dəqiq və vaxtında qərarların qəbuluna imkan yaratdığını bildirib.

O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar sahədə Süni İntellekt Təşəbbüsü çərçivəsində müxtəlif mənbələrdən əldə olunan məlumatların inteqrasiyası və onların praktik həllərə çevrilməsi qarşıya məqsəd qoyulub.

"Hazırda meteoroloji və iqlim məlumatlarının əldə olunması üçün 180-dan çox iqlim stansiyasının qurulması prosesinə başlanılıb", - deyə nazir bildirib.

Onun sözlərinə görə, texnologiyanın əsas dəyəri onun fermer üçün praktik faydaya çevrilməsidir.

"Onun real dəyəri sahədə, fermer üçün praktik faydaya çevrildiyi anda yaranır, su ehtiyatlarından daha səmərəli istifadə etməyə, riskləri daha erkən müəyyənləşdirməyə, məhsulu qorumağa, məhsuldarlığı artırmağa və daha əsaslandırılmış qərarlar qəbul etməyə imkan verdiyi zaman", - deyə M.Məmmədov vurğulayıb.

Qeyd edək ki, yüksək səviyyəli dəyirmi masa Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, FAO-nun Azərbaycandakı Nümayəndəliyi və Bakı İqlim Fəaliyyəti Həftəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Mövzuya görə xəbərlər