BAKI,TurkicWorld
Bakının iqlim diplomatiyasında mövqeyi təqdirəlayiqdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə COP31-in Baş icraçı direktoru (CEO), Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, Bakının iqlim gündəliyinə töhfəsi yalnız bir konfransla məhdudlaşmayıb.
"İllik 1,3 trilyon dollara çatmağı hədəfləyən "Bakıdan Belemə" yol xəritəsi bu şəhərdə formalaşdırılıb. Bu, Antalyaya gedən yolda bizim üçün möhkəm zəmin yaradıb.
COP31-in missiyası aydındır. Öhdəlikləri konret nəticələrə, layihələrə və investisiyalara çeviririk. 10 prioritet mövzudan ibarət COP31 fəaliyyət gündəliyini iyun ayında Bonnda elan etdik. Təmiz enerjiyə keçid, sıfır tullantı, iqlimə dözümlü şəhərlər, yaşıl sənaye keçidi, gənclər və təhsil, ərzaq təhlükəsizliyi, okeanlar və dənizlər, dinamik və davamlı səhiyyə sistemləri, bioenerji və iqlimin tətbiqi mərkəzi bu gündəliyin əsas başlıqlarıdır. Bu gündəlik icranı sürətləndirməyə yönəlmiş bir çağırış kimi tərtib olunub",- deyə o əlavə edib.
Qeyd edək ki, 11 sentyabradək Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.
İqlim gündəliyində mühüm beynəlxalq platformaya çevrilən Bakı bu tədbirlər çərçivəsində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində qlobal iqlim fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı müzakirələrə ev sahibliyi edir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.
Bakı İqlim Həftəsi iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.







