Son dəqiqə

Azərbaycan Türkiyə TIR sistemi

Türkiyə-Azərbaycan sərhədində yükdaşımaların sürətləndirilməsi üçün yeni imkanlar araşdırılıb - IRU

BAKI,TurkicWorld

Türkiyə-Azərbaycan və Türkiyə-İran arasındakı sərhəd-keçid məntəqələrində yükdaşımaların sürətləndirilməsi və sərhəd prosedurlarının təkmilləşdirilməsi imkanları araşdırılıb.

Bu barədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) məlumat yayıb.

Məlumata görə, IRU, onun üzvləri - Türkiyə Beynəlxalq Daşıyıcılar Assosiasiyası (UND) və İran Beynəlxalq Nəqliyyat Şirkətləri Assosiasiyası (ITCAI), gömrük orqanları və avtomobil nəqliyyatı sektoru nümayəndələri Türkiyə-İran sərhədindəki Gürbulak–Bazərqan və Türkiyə-Azərbaycan sərhədindəki Dilucu–Sədərək keçid məntəqələrinə səfər edərək sərhəd prosedurlarını nəzərdən keçirib və yük axınının artırılması üçün praktiki addımları müzakirə ediblər.

IRU-nun məlumatında qeyd olunur ki, Dilucu–Sədərək marşrutu Türkiyə, Azərbaycan və İran arasında getdikcə daha strateji əhəmiyyət qazanan nəqliyyat bağlantılarından biridir. Marşrut vasitəsilə yükdaşımaların Qafqaz və Mərkəzi Asiyaya çıxışı təmin olunur.

Bildirilib ki, sərhəd keçidlərində TIR sistemi mühüm rol oynayır. Bundan əlavə, IRU-nun TIR-EPD platforması daşıyıcılara yük barədə ilkin məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməyə imkan verir. Bu isə gömrük xidmətlərinə riskləri əvvəlcədən qiymətləndirmək, iş yükünü daha səmərəli idarə etmək və nəzarəti zəruri istiqamətlərə yönəltmək imkanı yaradır.

IRU-nun baş nümayəndəsi Erman Ereke sərhəd-keçid məntəqələrində aparılan müzakirələrin TIR sisteminin üstünlüklərini aydın şəkildə göstərdiyini bildirib.

"TIR sistemi ilə fəaliyyət göstərən yük maşınları daha sürətli və proqnozlaşdırıla bilən gömrük prosedurlarından faydalanır. TIR-EPD və TIR yaşıl dəhlizləri isə bu imkanları daha da genişləndirir", - deyə o qeyd edib.

Məlumata görə, Dilucu sərhəd-keçid məntəqəsində tətbiq olunan TIR "yaşıl dəhlizi" yük maşınlarının sərhədə çatmazdan əvvəl yük barədə məlumat təqdim etməsinə və nəticədə keçid prosesinin daha səmərəli təşkilinə imkan verir.

IRU regionda TIR yaşıl dəhlizlərinin daha geniş tətbiqini təşviq etdiyini bildirib. Qurumun qiymətləndirməsinə görə, rəqəmsallaşmanın genişləndirilməsi və risk əsaslı sərhəd prosedurlarının tətbiqi mövcud sərhəd imkanlarından daha səmərəli istifadəyə, qanuni ticarətin asanlaşdırılmasına və yükdaşımaların təhlükəsizliyinin artırılmasına şərait yarada bilər.

E. Ereke bildirib ki, TIR sisteminin tam rəqəmsal ekvivalenti olan eTIR-ə keçidin sürətləndirilməsi regionun nəqliyyat dəhlizinin təhlükəsizliyini daha da gücləndirəcək.

"eTIR-ə sürətli keçid bu regional dəhlizin təhlükəsizliyini daha da gücləndirəcək", - deyə IRU nümayəndəsi vurğulayıb.

Qeyd olunub ki, regionda ticarət və Şərq-Qərb bağlantıları genişləndikcə Türkiyə, Azərbaycan, İran və Mərkəzi Asiyanı birləşdirən marşrutlarda sərhəd prosedurlarının sadələşdirilməsi və koordinasiyanın gücləndirilməsi daha böyük əhəmiyyət kəsb edəcək.

Mövzuya görə xəbərlər