Son dəqiqə

Azərbaycan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM)

DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb

BAKI,TurkicWorld

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi çərçivəsində milli gündəliklərin formalaşdırılmasına həsr olunmuş onlayn görüşdə iştirak edib.

Bu barədə 4SİM məlumat yayıb.

Məlumata əsasən, görüşdə şəbəkəyə daxil olan mərkəzlərin milli səviyyədə strateji təşəbbüslərin formalaşdırılmasına verdiyi töhfə və bu istiqamətdə uğurlu təcrübələr müzakirə olunub.

Fariz Cəfərov "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya" barədə məlumat verib. Bildirilib ki, strategiya biznes, cəmiyyət və dövlət sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsinə, rəqəmsal bacarıqların inkişafına və məlumat əsaslı idarəetmənin gücləndirilməsinə yönəlib. Strategiya 9 prioritet istiqamət və 50 təşəbbüsü əhatə edir.

Azərbaycanda formalaşdırılan sənaye 4.0 ekosistemi, müəssisələrin texnoloji və yaşıl transformasiyasına dəstək, insan kapitalının inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlər təqdim edilib. Qeyd olunub ki, strategiya çərçivəsində 2029-cu ilədək 300 müəssisənin rəqəmsal transformasiya proqramlarına qoşulması, 250 yeni sahəvi startapın yaradılması, 200 KOB-un rəqəmsal bazarlara çıxışının təmin edilməsi və 40 min vətəndaşın ixtisaslaşmış təlimlərə cəlb olunması hədəflənir.

Şəbəkəyə üzv olan 24 mərkəzin rəhbər şəxsləri, eləcə də DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju Georgenin qatıldığı görüşdə Azərbaycanla yanaşı, Ruanda və Malayziyanın 4-cü Sənaye İnqilabı mərkəzləri də öz təcrübələrini bölüşüblər. Görüş zamanı milli gündəliklərin formalaşdırılmasına effektiv töhfə, maraqlı tərəflərlə əməkdaşlıq, uğurlu yanaşmalar və mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov daha əvvəl Trend-ə bildirib ki, 2025-ci il ərzində "Azərbaycan Respublikasının Süni İntellektin İnkişafı Strategiyası 2025–2028-ci illər" və "Azərbaycan Respublikasının Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası 2026–2029-cu illər" sənədlərinin qəbul edilməsi ölkənin rəqəmsal və texnoloji transformasiyasını ilk dəfə vahid, ölçülə bilən və nəticəyönümlü çərçivədə birləşdirib.

"2026-cı ildən etibarən 4SİM-in fəaliyyət prioritetləri "Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya"nın icrası ilə birbaşa əlaqələndirilir və bu strategiyada nəzərdə tutulan əsas təşəbbüslərin praktiki icrasına fokuslanır. Bu çərçivədə 4SİM-in əsas prioritetləri sənaye və biznes mühitində süni intellekt, data analitikası, rəqəmsal əkiz və generativ süni intellekt kimi Dördüncü Sənaye İnqilabı texnologiyalarının milli iqtisadiyyatın müxtəlif sektorlarında tətbiqinin genişləndirilməsi, texnoloji transformasiya proqramlarının müəssisələr üzrə tətbiqi və data əsaslı qərarvermə mexanizmlərinin formalaşdırılması olacaqdır.",-deyə o qeyd edib.

Bundan başqa, baş ofisi Bostonda (ABŞ) yerləşən qlobal konsaltinq şirkəti "Boston Consulting Group"un idarəedici direktoru və tərəfdaşı Anton Aristov Trend-ə verdiyi özəl müsahibədə bildirib ki, Azərbaycan energetika sahəsində süni intellektin tətbiqində əsas rol oynaya bilər.

"Azərbaycanı regional innovasiya mərkəzinə çevirmək üçün əsas prioritetimiz qlobal süni intellekt ekosistemi ilə dayanıqlı əlaqələrin qurulmasıdır. Biz "Silikon Vadisi"ndən olan investorlarla işləyirik və layihənin müstəqil şəkildə, geniş miqyasda inkişaf edə bilməsi və nəticə etibarilə digər enerji şirkətlərinə də xidmət göstərməsi üçün vençur kapitalını cəlb etməyə çalışırıq. İlk pilot layihəmiz təsdiqləndikdən sonra, Azərbaycanda yaradılmış – burada hazırlanmış və Azərbaycan enerji sektorunun vəzifələri üzərində sınaqdan keçirilmiş – bilikləri dünyaya ixrac edə biləcəyik", – deyə o bildirib.

Mövzuya görə xəbərlər