Son dəqiqə

Azərbaycan İqtisadiyyat Nazirliyi ASAN xidmət KOB sahibkarlıq biznes mühiti Lisenziya elektron lisenziya

2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

BAKI,TurkicWorld

2026-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycanda sahibkarlara 1191 lisenziya təqdim olunub. Verilən lisenziyaların böyük hissəsi elektron qaydada rəsmiləşdirilib.

TurkicWorld xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2026-cı ilin ilk 7 ayı ərzində sahibkarlara 1191 lisenziya verilib. Ümumilikdə isə indiyədək sahibkarlıq fəaliyyəti üçün təqdim olunan lisenziyaların sayı 20 min 220-yə çatıb.

Məlumata görə, bu ilin yanvar-iyul aylarında verilmiş lisenziyaların 807-si elektron formada təqdim edilib. 2018-ci ilin martından fəaliyyət göstərən "Lisenziyalar və icazələr" portalı vasitəsilə təqdim olunan elektron lisenziyaların ümumi sayı isə 7963 olub.

2026-cı ilin 7 ayında verilən lisenziyaların 25 faizini tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyalar təşkil edib. Bu sahə üzrə 298 lisenziya təqdim olunub.

Lisenziyaların 18 faizi və ya 214-ü əczaçılıq fəaliyyəti, 12 faizi və ya 148-i özəl tibb fəaliyyəti, 11 faizi və ya 129-u rabitə xidmətləri üzrə verilib. Digər fəaliyyət növlərinin payı isə 34 faiz olmaqla 402 lisenziya təşkil edib.

Lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən rəsmi sənəd hesab olunur. Lisenziya tələb olunan fəaliyyət növləri "Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən edilir.

Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunur. Dövlət təhlükəsizliyi və maliyyə bazarları sahəsində fəaliyyətlər isə bu siyahıya daxil edilmir.

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə "ASAN xidmət" mərkəzlərinə, KOB evlərinə və ya "Lisenziyalar və icazələr" portalına müraciət edə bilərlər.

Elektron portal vasitəsilə müraciətlərin qəbulu, aidiyyəti dövlət qurumlarından rəylərin alınması və nəticələrin rəsmiləşdirilməsi imkanları yaradılıb.

Sənədlər tam və düzgün təqdim edildiyi halda lisenziya 10 iş günündən gec olmayaraq verilir. Lisenziyanın təqdim edilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın inkişafını təşviq etmək məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt tətbiq olunur.

Mövzuya görə xəbərlər