Son dəqiqə

Azərbaycan İslam İnkişaf Bankı Bakı regional inteqrasiya halal iqtisadiyyat İslam maliyyəsi sukuk təkaful

Bakıda halal iqtisadiyyat üzrə regional inteqrasiya imkanları müzakirə olunub

BAKI,TurkicWorld

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Bakıda “Dayanıqlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusunda sessiya keçirilib.

TurkicWorld xəbər verir ki, müzakirələr Halal İqtisadiyyat Liderlik Forumu və Azərbaycan Halal Biznes Forumu 2026 çərçivəsində təşkil olunub.

Sessiyada Azərbaycan və bir sıra ölkələrin rəsmiləri, eləcə də İslam İnkişaf Bankı Qrupunun nümayəndələri iştirak ediblər.

Çıxışlarda halal iqtisadiyyat sahəsində siyasət prioritetləri, regional əməkdaşlıq imkanları və dəyər zəncirlərinin inkişafı məsələləri diqqət mərkəzində olub.

Qeyd edilib ki, qida, iaşə, logistika, turizm və kosmetika kimi sahələrdə halal sertifikatlaşdırmanın genişləndirilməsi vacib istiqamətlərdən biridir.

Rəsmilər yerli istehsalçıların qlobal halal dəyər zəncirlərinə inteqrasiyasının dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, maliyyə nazirinin birinci müavini Anar Kərimov və digər rəsmilər çıxış ediblər.

Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar halal iqtisadiyyatın inkişafı üçün möhkəm baza formalaşdırıb.

O qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat-logistika imkanları ölkənin regionda halal ticarət mərkəzinə çevrilməsi üçün əlverişli şərait yaradır.

Çıxışda İslam bankçılığı, sukuk və təkaful kimi maliyyə alətlərinin tətbiqinin iqtisadi sistemin inkişafına töhfə verdiyi vurğulanıb.

Eyni zamanda halal biznes sahəsində beynəlxalq standartların tətbiqinin ixrac potensialını və istehlakçı etimadını artırdığı bildirilib.

Sessiyada İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığın genişləndirilməsinin xüsusi əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, Bankın dəstəyi ilə Azərbaycanda və işğaldan azad edilmiş ərazilərdə bir sıra layihələr icra olunur.

Mövzuya görə xəbərlər