Son dəqiqə

UNEC İslamİnkişafBankı IsDB GənclərForumu YouthRoadshow AhmedFarukDiken ŞaiqƏsgərov TəqaüdProqramı Gənclərinİnkişafı

UNEC-də İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu keçirilib

BAKI. TurkicWorld:

Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə İslam İnkişaf Bankı Qrupunun (IsDB) Gənclər üzrə Tanıtım (Youth Roadshow) layihəsi çərçivəsində “IsDB-ni kəşf et: Gənclər üçün imkanlar” mövzusunda tədbir keçirilib.

TurkicWorld xəbər verir ki, 2026-cı ilin iyun ayında Bakıda baş tutacaq IsDB-nin İllik Toplantıları və 14-cü Gənclər İnkişaf Forumu öncəsi hazırlıq xarakteri daşıyan görüş gəncləri bankın fəaliyyəti, beynəlxalq inkişaf institutlarının iş mexanizmi və təqdim olunan qlobal perspektivlər barədə məlumatlandırmaq məqsədi daşıyıb.

Forumun açılışında İslam İnkişaf Bankının departament meneceri Ahmed Faruk Diken iştirakçıları salamlayaraq, bank tərəfindən gənclərin inkişaf strategiyası istiqamətində həyata keçirilən layihələr, qlobal gənclər forumu və qarşıdan gələn mühüm tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verib.

UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov çıxışında müxtəlif ali təhsil müəssisələrindən olan gəncləri bir araya gətirən bu platformanın gələcəyin liderlərinin formalaşması, akademik mühitdə inteqrasiyanın dərinləşdirilməsi və birgə layihələrin təşviqi baxımından strateji rolunu vurğulayıb. O, Azərbaycan ilə IsDB arasında uzunmüddətli etimada söykənən tərəfdaşlığı qeyd edərək, UNEC-in beynəlxalq təşkilatlarla genişlənən əlaqələrində bu əməkdaşlığın xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Tədbirdə IsDB nümayəndələri – bankın bölmə meneceri, UNEC məzunu Elvin Əfəndi, Ali Riza Kayar, Dina Moussa, Mohamed Abdeltavab, Xalid Al Qabasani, Zeynəb Alsayed və Rahmalia Devita maraqlı təqdimatlarla çıxış ediblər. IsDB-nin təqaüdünü qazanmış UNEC-in gənc müəllimi Zülfüqar İbrahimovun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təqdimatlarda gənclərin fərdi və peşəkar inkişafı üçün mühüm olan bankın təqaüd proqramları, eləcə də Gənc Peşəkarlar Proqramı (YPP) üzrə mövcud karyera imkanları barədə ətraflı məlumat verilib.

Tədbirin interaktiv hissəsi olan “Fireside Chat” (Səmimi söhbət) sessiyasında bankın nümayəndələri öz uğur hekayələrini və beynəlxalq təcrübələrini iştirakçılarla bölüşərək, gəncləri gələcək karyeralarını beynəlxalq inkişaf sahəsində qurmaq üçün motivasiya ediblər.

Forumun yekununda gənclər iyunun 16-da keçiriləcək qlobal tədbirlərdə fəal iştiraka dəvət olunub və qeydiyyat prosesi ilə bağlı təlimatlandırılıblar.

Tədbir öz işini mayın 7-də davam etdirəcək.

Mövzuya görə xəbərlər