Bakı, TurkicWorld
Özbəkistan Respublikası Prezidentinin müşavirinin müavini, Prezident Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin (İTİM) direktoru Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyəti UNEC-də olub.
UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə özbəkistanlı nümayəndə heyətinə UNEC-dəki tədris prosesi, ixtisaslar, bakalavr, magistr və doktorantura proqramları, müəllimlərin diferensial əmək haqqı sistemi reytinqi, elmi fəaliyyətin stimullaşdırlması, beynəlxalq əlaqələr, ikili diplom proqramları, filiallar, rəqəmsal universitet və digər təhsil imkanları barədə ətraflı məlumat verilib.
İTİM-in rəhbəri Obid Hakimov UNEC-in imkanlarını yüksək qiymətləndirərək, səfərin məqsədi barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri zamanı ölkə prezidentləri arasında bir sıra sahələrdə, o cümlədən təhsil sahəsində hər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə olunub. UNEC-in ölkənin aparıcı universitetlərindən olduğunu nəzərə alaraq, bu ali təhsil müəssisə ilə Özbəkistan universitetlərinin əməkdaşlığının hər iki ölkənin təhsilinin inkişafına töhfələr qazandıracağından əminliyini ifadə edib.