BP BP Azerbaijan Bəxtiyar Aslanbəyli Anar Bayramov

bp və Azərbaycan Deflimpiya Komitəsi Yerli Tərəfdaşlıq haqqında Saziş imzaladı

BAKI,TurkicWorld

Bu gün bp və Azərbaycan Deflimpiya Komitəsi (ADK) arasında Yerli Tərəfdaşlıq haqqında Saziş imzalandı. Sazişə əsasən, bp şirkəti 31 dekabr 2027-ci ilə qədər ADK-nin Azərbaycandakı rəsmi tərəfdaşı kimi fəaliyyət göstərəcək.

TurkicWorld bp-yə istinadən xəbər verir ki, bu saziş bp-nin milli idmanın inkişafına dəstək və Azərbaycanda daha inklüziv cəmiyyətin təşviqi öhdəliyində yeni bir səhifə açır.

Sazişi Azərbaycan Respublikası Deflimpiya Komitəsinin İdarə heyətinin sədri Anar Bayramov və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzaladılar.

Deflimpiya Komitəsinin İdarə heyətinin sədri Anar Bayramov:

"Ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının qorunması və bu kateqoriyaya aid olan şəxslərə çoxşaxəli sosial dəstəyin göstərilməsi aparılan siyasətin prioritet istiqamətlərindəndir. Deflimpiya hərəkatının dəstəyi bu istiqamətdə görülən işlərdəndir. Deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslərin yalnız idmana cəlb edilməsi deyil. Bu, cəmiyyətə inteqrasiyanın, bərabər imkanların və insan ləyaqətinin təşviqidir, eşitmə məhdudiyyətli şəxslərin özünəinamın bərpası və həyat keyfiyyətinin yüksəlməsidir. Ölkədə inklüziv yanaşmanın gücləndirilməsi məqsədilə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarınında aktivləşməsi mütləq şərtdir. Və bu gün korporativ sosial məsuliyyət sahəsində əməlləri ilə tanınan bp şirkəti ilə təməli qoyulan əməkdaşlıq bir daha göstərir ki, dövlət, vətəndaş cəmiyyəti və özəl sektor birlikdə olduqda, sosial dəyişikliklər real nəticələr verir".

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:

"ADK-nın rəsmi tərəfdaşı olmaqdan çox məmnunuq. Bu yeni sazişin əsasında Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə onilliklərdir davam edən tərəfdaşlığımız durur. Bu tərəfdaşlıq sayəsində hər iki təşkilata milli idmanın, komandaların və idmançıların inkişafına dəstək vermişik. Bu yeni tərəfdaşlıq isə daha da geniş sosial missiya daşıyır, çünki idmanı təbliğ etməklə yanaşı, eşitmə məhdudiyyətli şəxslər üçün idmanı inkişaf etdirmək və eşitmə qüsurlu idmançıları dəstəkləmək imkanları yaratmaqla inklüziv cəmiyyəti təşviq edir. Bu gün bu sazişi imzalamaqla, bütün şəxslər və icmalar üçün bərabər imkanların yaradılmasında ölkəni dəstəkləmək öhdəliyimizi bir daha təsdiqləyirik. ADK ilə rəsmi tərəfdaş kimi sıx əməkdaşlıq edərək qarşıdakı illərdə bu təşkilatın öz vacib missiyasını irəli aparmasına dəstək verəcəyik".

Mövzuya görə xəbərlər