BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi Türk Dövlətləri Təşkilatının (TDT) Enerji Nazirlərinin Beşinci Toplantısına ev sahibliyi edəcək. Tədbirdə Türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün atılmalı addımlar müzakirə olunacaq.
TurkicWorld xəbər verir ki,Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar 9–10 dekabr tarixlərində İstanbulda keçiriləcək toplantı çərçivəsində iştirakçı ölkələrin enerji nazirləri ilə ikitərəfli görüşlər aparacaq və mövcud əməkdaşlıqların genişləndirilməsi istiqamətlərini müzakirə edəcək.
Toplantıya TDT Katibliyi, təşkilatın üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, eləcə də müşahidəçi ölkələr – Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası qatılacaq.
İki gün davam edəcək tədbir çərçivəsində 9 dekabrda Enerji İşçi Qrupu texniki toplantısı, 10 dekabrda isə nazir Alparslan Bayraktarın rəhbərliyi ilə Enerji Nazirləri Toplantısı keçiriləcək.
Toplantıda bərpaolunan enerji mənbələri, neft və qaz, nüvə enerjisinin sülh məqsədli istifadəsi, ağıllı şəbəkələr, enerji saxlama texnologiyaları, hidrogen, karbon tutma, kritik minerallar və nadir torpaq elementləri kimi geniş enerji mövzularında fikir mübadiləsi aparılacaq.
TDT çərçivəsində enerji sahəsində inteqrasiya və əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımların da müzakirə olunacağı gözlənilir.







