BAKI,TurkicWorld
Bakı İqlim Fəaliyyət Həftəsinin dördüncü günündə iqlim fəaliyyəti, mədəni irsin və biomüxtəlifliyin qorunması, eləcə də dayanıqlı enerji keçidi ilə bağlı üç dəyirmi masa keçiriləcək.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, ilk dəyirmi masa "Təsir dialoqu: submilli qurumlar" mövzusuna həsr ediləcək.
Müzakirədə yerli və regional səviyyədə fəaliyyət göstərən qurumların iqlim fəaliyyətində rolu, iqlim öhdəliklərinin həyata keçirilməsi və dayanıqlı inkişaf istiqamətində əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq.
Günün digər dəyirmi masasında türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması məsələləri müzakirə olunacaq
"Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: ortaq ənənələrdən birgə fəaliyyətə" adlı tədbirdə ortaq mədəni irsin qorunması, ənənələrin yaşadılması, biomüxtəlifliyin mühafizəsi və bu istiqamətdə birgə fəaliyyət imkanlarının genişləndirilməsi məsələləri nəzərdən keçiriləcək.
Günün üçüncü əsas tədbiri isə dayanıqlı enerji mərkəzlərinin iqlim dayanıqlılığının, innovasiyaların və enerji keçidinin təşviqində roluna həsr olunacaq. "İqlim dayanıqlılığının, innovasiyaların və enerji keçidinin təşviqində dayanıqlı enerji mərkəzlərinin rolu" mövzusunda regional dialoq çərçivəsində enerji keçidinin sürətləndirilməsi və regional əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə ediləcək.
Bakı İqlim Fəaliyyət Həftəsi çərçivəsində tərəfdaş qurumların təşkil etdiyi tədbirlər də keçiriləcək. Bu çərçivədə "Yaşıl və rəqəmsal sosial xidmət modeli: DOST təcrübəsi" mövzusunda dəyirmi masa təşkil olunacaq. Tədbirdə sosial xidmətlərin göstərilməsində yaşıl və rəqəmsal yanaşmalar, bu sahədə tətbiq olunan yeniliklər və DOST təcrübəsi təqdim ediləcək.
Bundan əlavə, "Yaşıl top" ağacəkmə kampaniyasının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Bakı İqlim Fəaliyyət Həftəsi sentyabrın 7-dən 11-dək. Tədbir çərçivəsində iqlim fəaliyyəti, enerji keçidi, iqlim maliyyəsi, dayanıqlı şəhərlər, su ehtiyatları, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və digər istiqamətlər üzrə müzakirələr aparılır.







