Bakı, TurkicWorld
Qlobal halal ticarət sahəsində yeni biznes imkanlarını araşdırmaq üçün “AZHAB Forum” 2024 Azərbaycan Halal Biznes Forumu keçiriləcəkdir.
TurkicWorld xəbər verir ki, bu ilin 8-9 oktyabr tarixlərində baş tutacaq tədbir çoxsahəli şəbəkə təklif edən unikal tədbirdir.
İki gün davam edəcək tədbir çərçivəsində halal məhsul və xidmətlərin ixtisaslaşmış sərgisi, həmçinin halal maliyyə, turizm, əczaçılıq, tekstil, qida və digər sənaye sahələrində beynəlxalq ekspertlər, analitiklər və rəy liderləri panel müzakirələri və sessiyaları keçiriləcək.
Forumda Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya, Türkiyə, Azərbaycan, Pakistan, Rusiya, Özbəkistandan olan halal standartlarının tətbiqi sahəsində nüfuzlu ekspertlərin və sənaye təhlilçilərinin müzakirələri yer alacaq.
Forumda Azərbaycanın halal xidmətlər mərkəzinə çevrilmə imkanları, Regional Halal Ticarət Mərkəzi, Halal İstehsal / Azad Ticarət Zonaları, MDB ölkələrində halal bazarı, Sertifikatlaşdırma və standartlar, Halal Bankçılıq və Halal sığorta kimi sessiya və seminar mövzularından çıxışlar olacaqdır.
Orta Dəhlizdə boyu əsas nəqliyyat və logistika qovşaqlarından biri olan Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Şərqi Avropa arasında iqtisadi əməkdaşlığı təmin edən tranzit marşrutu kimi çıxış edir.
Bu geosiyasi və coğrafi xüsusiyyətlər Azərbaycanı istehsalçılar, istehlakçılar, investorlar, siyasətçilər və beynəlxalq tərəfdaşlar arasında regional halal iqtisadi əməkdaşlıq platformasına çevrilməsinə imkan verir.
Forum MDB, Türkiyə, İran, Körfəz ölkələri və Asiyanın əsas regionları kimi mühüm Halal bazarlarında yeni əlaqələri, tərəfdaşlıqları stimullaşdırmaq və möhkəmlənmək, müxtəlif Halal investisiya imkanlarını araşdırmaq məqsədi daşıyır.
Azərbaycan Böyük İpək yolunda mühim ticarət, nəqliyyat, logistika və kommunikasiya qovşağıdır. Ölkədə həyata keçən əhəmiyyətli infrastruktur və investisiya layihələri sayəsində Azərbaycan Şərqlə Qərb arasında səmərəli şəkildə multimodal daşımaları təmin edir. Bu üstünlüklər Azərbaycana qlobal halal iqtisadiyyatına mühüm töhfə verməyə imkan verir.
Azərbaycan Halal Biznes Forumu 2024 halal sənaye liderləri, qeyri-kommersiya təşkilatları, hökumət nümayəndələri, biznes, otel və səyahət agentlikləri rəhbərləri, maliyyə institutları, əczaçılıq nümayəndələri və alıcılarla çoxtərəfli əməkdaşlıq və işgüzar dialoqu üçün strateji mərkəzdir.
Forumda İslam maliyyə və bank xidmətləri, halal məhsul standartları və sertifikatlaşdırma, ixracın inkişafı, sahibkarlıq və investisiya məsələləri, sosial sektorda gənclərin və qadınların işgüzarlıq imkanlarının artırılması sahələrində innovativ və müasir ideyalar nümayiş etdiriləcək.
Formda 400-dən çox nümayəndə və 15 ölkədən 200-dən çox şirkət iştirak edəcəkdir.
Qeyd edək ki, keçən il Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində Azərbaycanda Halal Biznes və Turizm Forumunun keçirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdı. Bu sənəd İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA), Beynəlxalq İslam Biznesi Assosiasiyası, və "Caspian Event Organisers" MMC arasında imzalanıb
Memorandumda Azərbaycan və ICCIA-ya üzv olan ölkələrin iş adamları, xüsusilə KOB subyektləri arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi məqsədilə məlumat və təcrübə mübadiləsi, KOB-lar arasında əlaqələrin gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili, birgə proqram və layihələrin reallaşdırılması nəzərdə tutulurdu.