Fevral ayında Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Fevral ayında Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin fevral ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq, 1 milyon 970 min 633 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 15 faiz artaraq 1 milyon 508 min 618 nəfər, beynəlxalq reyslər üzrə isə 49 faiz artaraq 462 min 15 nəfər təşkil edib.

2024-cü ilin fevral ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 18 min 790 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 11 min 602 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 42 faiz artaraq, 7 min 188 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 8 faiz artaraq, 14 min 898 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz azalaraq 11 min 55, beynəlxalq reyslər üzrə isə 46 faiz artaraq 3 min 843 olub.

Bu ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 29 milyon 487 min 97 nəfər, yük dövriyyəsi isə 662 min 353 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01