Transxəzər qaz kəməri layihəsinin irəliləyişi üçün Türkmənistan tərəfindən ciddi adım atılmalıdır - Damian Krneviç

Transxəzər qaz kəməri layihəsinin irəliləyişi üçün Türkmənistan tərəfindən ciddi adım atılmalıdır - Damian Krneviç

Bakı. TurkicWorld:

Transxəzər qaz kəməri layihəsinin irəliləyişi üçün Türkmənistan hökumətinin birmənalı seçimi, həmçinin Qərbin möhkəm tərəfdarlığı lazımdır.

Bu barədə TurkicWorldə Serbiya prezidentinin keçmiş məsləhətçisi, ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.

"Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycan əvvəlki kimi Türkmənistanın iştirak etdiyi istənilən Transxəzər qaz kəməri layihəsində iştiraka hazır olacaq, lakin bu layihəyə təşəbbüs göstərməyə və ya investisiya qoymağa hazır olmayacaq. Hazırda bildiyiniz kimi, Türkmənistanın iştirakı ilə bu cür təkliflər müxtəlif formalarda onilliklərdir ki, dövr edir. Onlardan heç biri yekuna yaxınlaşmayıb, çünki son nəticədə Türkmənistanın birmənalı olaraq layihə üzərində çalışmağı seçməyi, həmçinin Qərb ölkələrinin analoji olaraq onu dəstəkləmək üzrə sarsılmaz öhdəliyi lazımdır", - deyə o qeyd edib.

D.Krneviçin izah etdiyi kimi, bu üç qarşılıqlı əlaqəli aspektə malikdir: maliyyələşdirmə, bazar tələbatı və sazişlərin davamlılığı. O qeyd edib ki, Aşqabadın irimiqyaslı strateji layihənin icrasında irəliləməsi üçün avropalıların öz üzərlərinə lazımi öhdəliyi götürməyə hazır olduqları məqam hətta indinin özündə də Qərbin rus qazından imtina siyasəti kontekstində keçir.

Ekspert bunun sadəcə Avropa İttifaqının (Aİ) yeni karbohidrogen layihələrini dəstəkləməkdən kənarda qalmaq kimi siyasi seçimlə əlaqəli olmadığını vurğulayıb.

"Hətta bu siyasəti hasısa formada dəyişmək olsa idi, Türkmənistan əlavə olaraq ciddi təhlükəsizlik təminatları, yəni təkcə avropalıların deyil, amerikalıların da iştirak etdiyi birmənalı təhlükəsizlik təminatları əldə etmək istəyəcəkdi. Bu dördüncü qarşılıqlı əlaqəli aspektdir və düşünürəm ki, bu bizim planlarımızda sadəcə yoxdur", - deyə Krneviç əlavə edib.

Onun sözlərinə görə, türkmən qazı Türkiyənin Cənub Qaz Dəhlizinin Azərbaycan və Gürcüstan ərazisindən keçərək Anadoluya uzanan hissəsinə paralel yeni boru kəmərinin köməyilə böyük qaz qovşağına çevrilmək ideyasını bəsləyir.

"Türkmənistanın fikrincə, bu cür irəliləyiş yolu əvvəlki kimi böyük risk daşıyır - türkmənlərin Rusiya və İranın mənfi reaksiyası ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün bu kifayət deyildi", - deyə ekspert sonda bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də 4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Forumunun açılışında dediyi kimi, Azərbaycan Transxəzər boru kəməri layihəsinin başlamasına təşəbbüs göstərməyəcək.

"Çünki Azərbaycanın təşəbbüskarı olduğu layihələr həmin o layihələrdir ki, bu, ölkələrin resurslarına əsaslansın. Məsələn, Cənub Qaz Dəhlizi. Biz o layihənin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində biz o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Bildiyiniz kimi, bu layihə müvəffəqiyyətlə icra olunmuşdur və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Bizim sözsüz ki, Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ümidvaram ki, ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək.

O ki qaldı, Transxəzər layihəsinə, bu layihə bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz nə edə bilərik? Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin, eyni zamanda, onu unutmamalıyıq ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur. Nəyə görə? Çünki tələbat artır. TAP boru kəməri 10 milyard kubmetrə hesablanmışdısa, 20 milyard kubmetrə qaldırılmalıdır. TANAP 16-dan 32-yə qaldırılmalıdır. Bu, əvvəllər bizdən gözlənilmirdi. Lakin indi gözlənilir və vəziyyət dəyişib. Odur ki, biz genişlənmə haqqında niyə danışırıq? Azərbaycan daha çox qaz istehsal edəcək və hər yeni il əvvəlki ildən daha çox istehsal edir. Məsələn, 2021-ci ildə biz 19 milyard kubmetr ixrac edirdik, keçən il artıq 22-yə qalxmışdır və cari ildə 24 olacaq. Sizinlə görüşmədiyimiz bu aylarda biz ən azı 300 milyard kubmetr ehtiyatı olan "Abşeron" qaz yatağının kəşfini elan etmişik və artıq ilk quyu "Şahdəniz"dəki bütün quyulardan daha məhsuldardır. Odur ki, bizim boru kəmərləri sisteminin genişlənməsi öz resurslarımızın artması ilə bağlıdır. Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarına gəldikdə, bunun üçün Transxəzər sualtı qaz boru kəməri inşa edilməlidir və ikincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastruktur lazımdır. Sual yaranır ki, bu mühüm layihəni kim maliyyələşdirəcək? Bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası və yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq. Eyni zamanda, biz bilirik ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Odur ki, bu layihə üçün ciddi vəsait cəlb etmək çətin olacaq. Məsələn, Cənub Qaz Dəhlizini inşa edəndə biz korporativ maliyyə ilə bərabər, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından, həmçinin Asiya İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından vəsait cəlb etmişdik. Lakin indi isə bunlardan ikisi – Avropa institutları mədən yanacağı ilə əlaqədar layihələri hazırda maliyyələşdirmir. Onlar yaşıl keçid layihələrini maliyyələşdirirlər. Bu da sözsüz ki, vəziyyəti daha çətinləşdirir. Avropada qaz qiymətlərinin dəyişkənliyi də yeni-yeni suallar ortaya qoyur. Həmçinin qiymətə qoyulan məhdudiyyət, - mən düşünürəm ki, bu, qəbulolunmazdır, istehlakçılar həmin yuxarı həddi təyin edir, - bu da istənilən bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Avropa ölkələri illərlə bazar iqtisadiyyatı prinsiplərinin tərəfdarı olub. Beləliklə, real baxışdan bu, çox ciddi bir problemdir. Lakin kimsə Transxəzər boru kəmərini inşa etmək istəsə biz şad olarıq. Nəticədə bizə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq", - dövlət başçısı deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)